Avropa ölkələri Ukraynaya hərbi yardım üçün yeni format yaradıb

post-img

Varşavada E5 ölkələrinin - Polşa, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın müdafiə nazirlərinin görüşü baş tutub. Bu ölkələr Ukraynaya hərbi yardım üçün yeni formatda birləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “facebook” səhifəsində məlumat verib.

Umerov E5 ölkələrinin müdafiə nazirlərinin toplantısında da iştirak edib.

“Bu, Avropa ölkələri arasında ən böyük müdafiə büdcəsinə malik və qitənin təhlükəsizliyini gücləndirmək, Ukraynanı dəstəkləmək üçün birgə işləyən dövlətlərin yeni birliyidir”, - deyə ukraynalı nazir qeyd edib.

Onun sözlərinə görə, E5 mühüm müdafiə koalisiyalarında əsas rol oynayır. Görüş zamanı nazirlər 2025-ci ildə Ukraynanın müdafiəsi üçün əsas prioritetləri müzakirə ediblər. Bura artilleriya mərmiləri, uzaqmənzilli silahlar, zirehli maşınlar, hava hücumundan müdafiənin gücləndirilməsi və digər məsələlər daxildir.

Bildirilib ki, 2025-ci ildə Ukrayna rekord səviyyədə - 35 milyard dollar dəyərində silah istehsal etməyi planlaşdırır. Bunun 17 milyardı Ukrayna tərəfindən maliyyələşdiriləcək.

“Mühüm nailiyyət 2027-ci ilə qədər müdafiə koalisiyaları üçün “yol xəritələri”nin təsdiq edilməsi oldu. Bu, Avropanın Ukraynanı gələcəkdə də dəstəkləyəcəyinə dair işarədir”, - deyə Umerov əlavə edib.

Onun sözlərinə görə, beş ölkənin müdafiə nazirləri Ukraynaya hərbi yardımın davam etdiriləcəyini təsdiqləyiblər və qeyd ediblər ki, bu, regionda sülh və sabitliyə qoyulan sərmayədir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya