Fidan: Türkiyə Siriya xalqına kömək etməyə hazırdır

post-img

Türkiyə Suriya xalqının qarşısındakı çətin yolun yüngülləşdirilməsinə töhfə verməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya ilə bağlı keçirilən toplantıda deyib. Məlumatı “Anadolu” verib. 

Fidan vurğulayıb ki, Suriyada hadisələrin düzgün istiqamətdə daha da inkişafı üçün ən böyük məsuliyyət region ölkələrinin üzərinə düşür. O, Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinin Türkiyənin bütün səylərini üzərində qurduğu təməl prinsiplər olduğunu vurğulayıb: “Suriyada vəziyyətin normallaşması əlamətləri gündən-günə güclənir. Bu kritik dövrdə biz tarazlaşdırıcı qüvvə kimi çıxış etməliyik, beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyanın yeni hakimiyyət orqanlarının üzləşdiyi reallıqları diqqətlə tarazlaşdırmalıyıq”.

O qeyd edib ki, Suriya ilə bağlı səylərin effektivliyini artırmaq üçün müvafiq koordinasiya mexanizmi və ya komitələr yaradıla bilər. Fidanın sözlərinə görə, qarşıdakı dövrdə Suriyaya sanksiyalardan daha çox istisnalar təmin etmək üçün prioritet sektorlar müəyyən edilməlidir.

Türkiyə diplomatiyasının rəhbəri deyib ki, Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması bundan sonra da əsas prioritet olmalıdır. Eyni zamanda, o, terror təşkilatı PKK/YPG-nin (qondarma Suriya Demokratik Qüvvələrinin (SDQ) öz-özünə buraxılmasının vacibliyinə diqqət çəkib: “Əgər SDQ mərkəzi hökumətlə inteqrasiya səylərində səmimidirsə, özünü ləğv etdiyini elan etməlidir”.

P.ƏMİRCANOV

XQ

 

 

Dünya