Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar

post-img

Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində müxtəlif ölkələrin media nümayəndələri yanvarın 24-26-da Romaya toplaşacaqlar.

AZƏRTAC xəbər verir ki, “Kommunikasiya dünyasının yubileyi” adlı tədbirdə jurnalistlər, media mütəxəssisləri, qəzet redaktorları, videomeykerlər və sosial media menecerləri iştirak edəcəklər.

Media nümayəndələri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşəcək, Pyotr Kilsəsinin “müqəddəs qapı”sından keçəcəklər. İki gün ərzində Müqəddəs Pyotr Kilsəsi və Müqəddəs İoann Lateran Bazilikasında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu, Müqəddəs Yubiley İli çərçivəsində ilk tədbirdir.

Qeyd edək ki, Müqəddəs Yubiley İli Vatikanda hər 25 ildən bir təşkil olunur. Yubiley İli tarixdə ilk dəfə 1300-cü ildə elan edilib, sonuncusu isə 2000-ci ildə Papa II İohann Pavelin dövründə olub.

Builki yubiley 2025-ci ili əhatə edəcək. Yubiley İli müxtəlif tədbirlər və şənliklər təqvimi ilə əlamətdar olacaq, tədbirlərə 32 milyondan çox insanın qatılacağı gözlənilir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Dünya