Avropa İttifaqının yüksək səviyyəli diplomatik missiyası Suriyanın yeni rəhbərliyi ilə əlaqə yaratmaq üçün Dəməşqə gedəcək. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib. Məlumatı “Anadolu” verib.
Siyasətçi xatırladıb ki, şənbə günü, dekabrın 14-də o, İordaniyada Suriya ilə bağlı görüşdə Türkiyə, ABŞ və BMT nümayəndələri ilə danışıqlar aparıb: “Düşünürəm ki, regional və beynəlxalq oyunçuların eyni mənzərəni görməsi və bu ölkənin (Suriya) sabit və dinc hökumətə sahib olmasını təmin etməyə çalışması çox vacibdir”.
Onun sözlərinə görə, görüş zamanı Avropa İttifaqının xarici işlər nazirləri “Suriyanın yeni rəhbərliyi ilə gələcək qarşılıqlı əlaqələrin səviyyəsini” müzakirə edəcəklər.
Kallas əlavə edib ki, Suriyada Bəəs Partiyası rejiminin devrilməsindən sonra formalaşacaq yeni administrasiyanın hərəkətləri “AB-nin qarşıdakı həftələrdə atacağı addımlarda həlledici rol oynayacaq”.
P.ƏMİRCANOV
XQ