BƏƏ-də robotların əvəz edəcəyi işçilər təqaüdə vaxtından əvvəl çıxacaqlar

post-img

Birləşmiş Ərəb Əmirliklərində işini süni intellekt yerinə yetirə bilən vətəndaşlara vaxtından əvvəl təqaüdə çıxmaq təklif ediləcək. Söhbət təqaüd yaşına çatmayan işçilərdən gedir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu təşəbbüs əmək məhsuldarlığının süni intellekt texnologiyalarının tətbiqi hesabına artırılması üzrə ümumi strategiyanın tərkib hissəsidir. Süni intellektin insanların işlərini əlindən ala biləcəyi qorxusunun əksinə olaraq, o, gündəlik işlərdə effektiv olduğunu sübut edib.

Süni intellekt, rəqəmsal iqtisadiyyat və uzaqdan iş tətbiqləri üzrə dövlət naziri Ömər Əl Olama deyib: “Biz süni intellektlə bağlı ictimai qorxuları aradan qaldırmalıyıq, çünki bu, məşğulluq üçün imkanları genişləndirir”.

Nazir xatırladıb ki, 2017-ci ildə verilən proqnozlara görə, 2025-ci ilə qədər süni intellekt insanların iş yerlərinin 40 faizini almalı idi, lakin bu, baş verməyib. Əksinə, robotlar insanların daha səmərəli işləməsinə kömək etməyə başlayıb.

Hazırda BƏƏ öz işçi qüvvəsinin bacarıqlarının artırılmasına və onlara yeni texnologiyalarla işləməyin öyrədilməsinə xüsusi diqqət yetirir. Tezliklə bir sıra yeni təşəbbüslər həyata keçiriləcək.

BƏƏ İnvestisiya Nazirliyinin İnvestisiya məlumatları departamentinin direktoru Lətifə Əl Şehhi bundan əvvəl bildirmişdi ki, süni intellektin tətbiq edilməsi 97 milyon yeni iş yeri yaratmağa imkan verəcək. O, süni intellektin əmək bazarına təsirinin ikili xarakterini, burada avtomatlaşdırmanın inkişafı nəticəsində iş yerlərinin azalmasının yeni iş yerlərinin yaradılması ilə müşayiət olunacağını qeyd edib.

Dünya