Maltanın paytaxtı Valettanın ev sahibliyi etdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində təşkilatın Katibliyinə və təsisatlarına yeni rəhbərlərin təyin edilməsi ilə bağlı qərar qəbul olunub.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, ATƏT-in Katibliyinə və təsisatlarına rəhbərlik etmək üçün 4 yüksəkvəzifəli şəxs təyin olunub. Belə ki, Feridun Sinirlioğlu (Türkiyə) ATƏT-in baş katibi, Maria Telalian (Yunanıstan) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, Kristof Kamp (Niderland) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Braathu (Norveç) ATƏT-in media azadlığı üzrə nümayəndəsi vəzifələrinə təyin ediliblər.
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq həmin şəxslərin təşkilatın yüksək vəzifələrinə təyin olunmasını alqışlayıb. Deyib ki, bu təyinatlar ATƏT-in dialoq və əməkdaşlıq platforması kimi mühüm rolunu bir daha təsdiqləyir.
Bildirilib ki, bu nailiyyət 57 iştirakçı dövlətin xüsusilə böhran və münaqişə zamanı ATƏT-in fəaliyyət qabiliyyətini gücləndirmək üzrə davamlı öhdəliyini vurğulayır.
Qeyd edək ki, hər il dekabrın ilk həftəsində xarici işlər nazirləri və yüksəksəviyyəli hökumət rəsmiləri ATƏT-in mərkəzi qərar qəbuletmə və idarəetmə orqanı olan Nazirlər Şurasının iclasında toplaşırlar. Builki iclas dekabrın 4-6-da cari ildə ATƏT-ə sədrlik edən Maltada keçirilib.