Suriya: Hələb qan çanağına çevrilir

post-img

Suriya müxalifəti hökumətə sürpriz yaşadıb. Belə ki, radikal “Heyət Təhrir əş-Şam” qrupu və Azad Suriya Ordusu çətiri altında toplanmış silahlı dəstələr sürətli hücum nəticəsində Hələb şəhərinin mərkəzinə daxil olublar. Hökumət qoşunları şəhəri, demək olar ki, heç bir müqavimət göstərmədən tərk edib. AP agentliyi xəbər verir ki, ötən gecə Hələbin qərb kənarında şiddətli döyüşlər gedib.

“Anadolu” agentliyinin məlumatına görə, müxalif qüvvələr Hələbin mərkəzinə qərbdən daxil olub. 10 min şəhər sakini İdlib vilayətinə qaçıb. Hazırda yaraqlılar cənub, qərb və şimal cəbhələrində hücumlarını davam etdirirlər. Onlar Ər-Rəşiddin bölgəsinə daxil olaraq elmi-tədqiqat mərkəzini tutublar.

Şəhərin rəmzi sayılan Hələb qalası müxalifətin nəzarəti altındadır. Üsyançılar hökumətyönlü qüvvələrin tərk etdiyi, sursat və hərbi texnikanın məhv edilmədiyi Əbu Zuhur hərbi aviabazasına, Hələbin cənubunda, bu şəhəri Dəməşqlə birləşdirən magistral yolların kəsişməsində yerləşən Saraqeb, Xalsa və Xan Tuman şəhərlərinə nəzarət edir. HTŞ liderlərindən Həsən Əbdülqəni “Middle East Eye” nəşrinə verdiyi açıqlamada “yüksək strateji” bölgələri ələ keçirdiklərini bildirib. Əbdülqəni deyib: “Əməliyyatımızın məqsədi torpaqlarımızı Suriya və İran güclərindən azad etmək və xalqımızın sağ-salamat evlərinə qayıtmasını təmin etməkdir”.

Hökumət qüvvələri də hücumun uğurlu olduğunu etiraf etməli olublar. Bildirilib ki, şəhərin kənarındakı Həmdaniyyə, Yeni Hələb və Zəhra oxu boyunca müdafiə xətti yarılıb.

Homs vilayətində də sakitlik pozulub. Suriyanın mərkəzində yerləşən bu vilayətin qərb hissəsinə ardıcıl hava zərbələri endirilib. Yerli mənbələrin məlumatına görə, hücumların hədəfində körpülər, hərbi qərərgahlar və avtomobil karvanları olub. Hökumətə yaxın mənbələr “Hizbullah”ın və İranın dəstəklədiyi digər qrupların fəal olduğu vilayətin qərbində güclü partlayışlar olduğu faktını təsdiqləyib. Homs əyalətinə hava zərbələri endirən təyyarələrin İsrailə məxsus olduğu ehtimal edilir.

Bəs müxalifət qüvvələrinin son hücumu nə ilə bağlıdır? Türkiyəli ekspertlər bildiriblər ki, Suriya müxalifət qrupları ilkin olaraq dinc sakinlərə qarşı hücumların həyata keçirildiyi Hələbə çoxdan planlaşdırılan “məhdud” hücuma başlayıblar. Hökumət qoşunlarının mövqelərindən geri çəkilməyə başlaması ilə hücum genişlənib. Hücumun məqsədi deeskalasiya (gərginliyin azaldılması-müəllif) zonasının sərhədlərini bərpa etməkdir.

Əslində, hücuma səbəb suriyalı müxaliflərin Rusiyanın Ukrayna ilə, İran və “Hizbullah”ın isə Livanda İsraillə müharibəyə “başlarının qarışmasıdır”. Müxalifət Hələbi ələ keçirməklə Suriyanın şimalında status-kvonu öz xeyrinə dəyişməyə çalışır.

Müxalif qrupların hücumu isə bir sıra dövlətləri narahat edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Hələbə hücum Suriyanın suverenliyinə qəsddir və hücum dayandırılmalıdır.

Xatırladaq ki, “Heyət Təhrir əş-Şam” qrupu və tərəfdarlarının hücuma keçdiyi bölgələr Suriya hökuməti üçün xüsusi əhəmiyyət kəsb edir. Hələb ölkənin ikinci böyük şəhəri olmaqla yanaşı, həm də iqtisadi mərkəzidir. Böyük strateji əhəmiyyətə malik bölgənin itirilməsi Dəməşqi gələcək danışıqlarda çətin vəziyyətə sala bilər. Bu səbəbdən Bəşər Əsəd hökuməti döyüş bölgəsində Rusiya tərəfindən təlim keçmiş, əvvəllər “Pələng qüvvələri” kimi tanınan 25-ci Xüsusi Təyinatlı Diviziyasını yerləşdirib. İran isə birbaşa Hələbə müdaxilə etmək qərarına gəlib. Bildirilib ki, İran Livan və “Hizbullah”la quru əlaqəsini itirmək istəmir və bu səbəbdən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi kontingentini Hələbə cəlb edir. Beləliklə, qarşıda Suriyanı ağır döyüşlər gözləyir.

P.ƏFƏNDİYEV
XQ



Dünya