Peskov: Rusiyanın əmək miqrantlarına ehtiyacı var

post-img

Gərgin demoqrafik vəziyyət fonunda ölkənin dinamik inkişafı üçün Rusiyanın müxtəlif ölkələrdən əmək miqrantlarına ehtiyacı var. Bunu RİA “Novosti”-yə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Miqrantlar ehtiyacdır. Fakt budur ki, bizdə çox gərgin demoqrafik vəziyyət var. Dünyanın ən böyük ölkəsində yaşayırıq, amma sayımız azdır. Dinamik inkişaf etməyimiz və bütün inkişaf planlarını həyata keçirməyimiz üçün, təbii ki, işçilər lazımdır. Biz onları ancaq alqışlayırıq”, - deyə o bildirib.

Peskov qeyd edib ki, “miqrant işçilər qəbul edən bir çox ölkələrdə olduğu kimi, miqrasiya kifayət qədər ciddi şəkildə tənzimlənməli və sadələşdirilməlidir”.

“Biz də eyni şeyi etməliyik - bizi miqrantlar arasında cinayətdən sığortalayacaq aydın, sərt, lakin rahat qaydalar yaratmalıyıq”, - Kreml nümayəndəsi qeyd edib.

Noyabrın 21-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatların qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məsələsi ilə bağlı ölkə hökumətinə müraciət qəbul etdiyini açıqlayıb.

Noyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya hakimiyyəti miqrantların cəlb edilməsi məsələlərində, ilk növbədə, Rusiya vətəndaşlarının maraqlarını rəhbər tutmalıdır. O qeyd edib ki, Rusiyaya işləmək üçün gələn əcnəbilər rus dilini yaxşı bilsələr, rus adət-ənənələrini bilsələr və qanunlara əməl etsələr, rədd cavabı ilə üzləşməyəcəklər.

P.ƏMİRCANOV
XQ

Dünya