Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq

post-img

Almaniya iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə yardım etmək üçün beynəlxalq iqlim fonduna əlavə 60 milyon avro vəsait ayıracaq.

AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən COP29-da Almaniyanın Ətraf Mühit və Xarici İşlər nazirlikləri birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, ayrılacaq vəsait hər iki nazirlik tərəfindən maliyyələşdiriləcək.

Həmçinin bildirilib ki, Almaniya itki və zərərlərlə mübarizədə ən böyük donordur. Bu ölkə 2010-cu ildən etibarən İtki və Zərərlərə Cavab Fonunun layihələrinə, o cümlədən inkişaf etməkdə olan ölkələrin ən həssas icmalarında 45 milyondan çox istifadəçiyə xidmət göstərən 180-dən artıq xüsusi layihəyə ümumilikdə 1,2 milyard ABŞ dolları ayırıb.

Məqalədə, həmçinin vurğulanıb ki, Bakıda keçirilən COP29-da iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizə üçün daha böyük vəsaitin ayrılması məsələsi müzakirə olunur. “BMT ekspertlərinin fikrincə, qlobal istiləşməyə uyğunlaşmaq və onun nəticələrini aradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrə hər il təxminən 1,3 trilyon dollar lazımdır”, - deyə məqalədə qeyd edilib.

Qeyd edək ki, məqalədə Almaniyanın xarici işlər naziri Annalena Berbokun (Yaşıllar partiyası) Bakıdakı iqlim konfransında aparılan müzakirələr barədə fikirləri də təqdim olunub. O, Bakıda gərgin iqlim müzakirələrinin aparıldığını vurğulayaraq bildirib: “Texniki məsələlərlə bağlı müzakirələrdə müəyyən irəliləyiş var, lakin qarşıdakı bir neçə gündə hələ çox iş görülməlidir”.

Almaniyanın və Avropanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizənin maliyyələşdirilməsində etibarlı tərəfdaşlar kimi öhdəliyinin hələ də qüvvədə olduğunu vurğulayan nazir qeyd edib: “Yeni əsas emissiya istehsalçıları həm istixana qazlarının azaldılmasında, həm də iqlimin maliyyələşdirilməsində məsuliyyətlərini öz üzərlərinə götürməlidir”.

Dünya