Misir-ABŞ arxeoloji missiyası Luksor yaxınlığındakı Cənubi Asasif nekropolunda Asasif bölgəsində Misirin Orta Krallığı dövrünə aid ilk türbə və təxminən 4000 il əvvələ aid bir sıra artefakt və möhürlənmiş sarkofaqlar aşkar edib.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, bu əhəmiyyətli tapıntıya minilliklər boyu toxunulmamış qalan kişi, qadın və uşaqlara aid çoxsaylı tabut da daxildir. Arxeoloji kəşf 25-ci sülalənin əyanı olmuş Karabaskenin məzarının cənub tərəfində aparılan bərpa işləri zamanı edilib və Orta Krallığın bu ərazidə mövcudluğu ilə bağlı müfəssəl məlumatları ehtiva edir.
Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi Mohammed İsmayıl Xalid bu kəşfin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, yeni tapıntı Asasif nekropolunun tarixi kontekstini dəyişdirərək onu Orta Krallığın mühüm arxeoloji abidələrindən birinə çevirib. Baş katib əlavə edib: “Bu kəşf, eyni zamanda, həmin dövrdə burada dəfn mərasimləri və ayinləri haqqında yeni faktlar təqdim edir”.
Türbənin içərisində skelet qalıqları olan 11 fərdi sarkofaq tapılıb, bu, onun fironların XII və XIII sülalələrinin əvvəllərində nəsillər boyu istifadə edilən bir ailə məzarı olduğunu göstərir. Bu kəşfin diqqətəlayiq məqamları arasında qadınlarla birlikdə dəfn edilən zərgərlik nümunələri və nadir artefaktların geniş çeşidi var. Qəbirlərin bir çoxunda taxta tabutları və kətan bükmələri məhv edən qədim daşqınların əlamətləri də görünür. Bununla belə, zərgərlik və dulusçuluq kimi daha davamlı materiallar orijinallığını qoruyub və diqqətəlayiq dərəcədə yaxşı vəziyyətdədir.
Arxeoloji ekspedisiya 30 ametist muncuqdan ibarət unikal boyunbağı və begemot başlı amuleti çərçivəyə salan iki silindrik əqiq muncuq da daxil olmaqla bir sıra incə işlənmiş zərgərlik məmulatları aşkar edib. Digər tapıntılara qırmızı əqiqdən, mavi və yaşıl daşları olan üzüklər, bilərziklər və zəncirlər, heyvan formalı amuletlərlə bəzədilmiş daş plitələr daxildir.