“Hellouin” – qorxulu oyunların şən təəssüratı

post-img

Minillərin süzgəcindən keçmiş el bayramları, xalq oyunları tarixi yaddaşının qorunub saxlanmasında, əsrlər boyu formalaşmış mədəni dəyərlər sisteminin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində coşqu ilə qeyd edilən, Azərbaycanda da məşhurlaşan, bugünlərdə ab-havası yenidən hiss edilən “Hellouin” (“Halloween”) belə bayramlar sırasındadır. 

“Hellouin” sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan “All-Hallows-Eve” (Bütün müqəddəslərin axşamı) sözündən yaranıb. Uşaqdan-böyüyə, çox adamın maraq göstərdiyi, xüsusən uşaqların sevdiyi bu bayramın meydana gəlməsinin maraqlı tarixçəsi var. 

Hər il oktyabrın 31-də qeyd olunan “Halloween” bütpərəstlərin bayramı olan “Samayn”la əlaqəlidir. 2 min il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan kelt tayfaları yeni ili oktyabrın son günündə qeyd edirdilər. Onlar hesab edirdilər ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bu dünya ilə axirət arasında sərhəd silinir. Bütpərəst keltlər ölmüş yaxınlarının ruhlarından başqa, digər təhlükəli ruhların dünyamıza keçməsinin qarşısını almaq, onları qorxutmaq üçün tədbirlər görərmişlər. Bayram zamanı müqəddəslərə hörmət əlaməti olaraq heyvan dərilərindən düzəldilmiş kostyumlar geyinən insanlar nəhəng tonqallar ətrafında toplaşaraq müxtəlif məhsulları və ya heyvanları yandırıb tanrılarına qurban verərmişlər. “Hellouin”nin əsas rəmzi olan balqabaqların içini oyub, içərisinə şam qoyarlarmış. Onlar balqabağın içindəki odun insanı pis ruhlardan qoruduğuna inanırmışlar. 

Hər il oktyabrın 31-də bu bayramda uşaqlar üçün şirniyyat alınır. Evlərin qabağı, mərasim keçiriləcək yerlər, mağazaların vitrinləri, iş yerlərinin pəncərələri, məktəblərdə sinif otaqları qara qüvvələrin rəmzi sayılan hörümçək toru, qara pişik, skelet, balqabaq təsvirləri ilə bəzədilir. Bayram zamanı uşaqlar qorxulu kostyumlarda qapı-qapı gəzib, bizdə Novruz bayramında olduğu kimi şirniyyat yığırlar. Ev sahibi heç nə verməyəndə isə qorxunc görkəmləri ilə onlara hədə-qorxu gəlirlər.

Tarixən dəyişikliklərə məruz qalan və təkamül nəticəsində müasirləşən bu bayramın mistik ayinləri, eyni zamanda, müqəddəslərə hörmət və pis ruhları qorxutmaq üçün geyinilən qeyri-adi kostyumlar bizim günlərdə əyləncə və şənliyə xidmət edir. Buna görə də, bu bayram ildən-ilə geniş yayılır, rəngarəngliyi ilə daha çox insanı özünə cəlb edir.  

L.QURBANOVA 
XQ

 

Dünya