Deyəsən, burada bütün ər-arvadların “xasiyyəti tutur”
Çili özünəməxsus coğrafi faktları, maraqlı adət-ənənələri, müəmmalı tarixi və cəzbedici təbiəti ilə diqqət çəkir. Ən başlıcası, dünya xəritəsində şimaldan cənuba doğru 6 min kilometr uzanan yeganə ölkədir. Müqayisə üçün deyək ki, Bakı ilə Moskva arasında olan məsafə hava ilə 2 min kilometr, avtomobillə isə 2200 kilometrdir. Yəni Çili Sakit okean sahilləri boyunca olduqca ensiz, amma çox uzun bir ərazini əhatə edir.
Bu ölkənin ərazisinin ən dar hissəsinin eni cəmi 15 kilometrdir. Çili 3 qitədə yerləşməsi ilə də diqqət çəkir: Cənubi Amerikanın cənub-qərb hissəsi, Okeaniyadakı Pasxa adası və Antarktidanın bir hissəsi. Elə xarici turistlərin çoxu Antarktidaya getmək üçün məhz bu ölkəyə gəlirlər. Dünya ölkələrinin bir çox elmi mərkəzləri cənub buzlaqlarına ekspedisiyalarını buradan başlayırlar.
Bu ölkənin Ushuaia şəhəri planetimizin ən cənub şəhəri adlanır. Hətta həmin şəhərə gələn əcnəbilərin pasportunda qeyd edilir ki, bu adam “dünya coğrafiyasının sonunu görmüşdür”.
Ölkənin ərazisi qeyri-adi dərəcədə uzun olduğuna görə turistlər burada müxtəlif coğrafi fərqliliklərə rast gəlirlər. Məsələn, mənzərəli dərələr, səhralar, arxipelaqlar, adalar, buzlaqlar. Elə ona görə də bəzi səyyahlar Çilini “miniatür planet” və ya “odlar və buzlar ölkəsi” adlandırırlar. Atakama səhrası, And dağlarının yüksək zirvələri, Vilyarrika vulkanı, Mamina isti bulaqları məhz bu ölkənin ərazisindədir.
Bu diyarın flora və faunası da çoxnövlü və çoxsaylıdır. Lakin sevindirici haldır ki, burada həyat üçün təhlükə yaradan həşəratlar olduqca azdır. İlanlar isə ümumiyyətlə, yoxdur. Çili materikinin səthinin demək olar ki, 80 faizini bütün ölkə boyu uzanan 2 dağ sistemi tutur. Şərqdə And dağları, Qərbdə isə sahil boyunca Kordilyer dağları uzanıb gedir.
Bu ölkə buzlaqlardan əmələ gələn göllərin inanılmaz gözəlliyi ilə də məşhurdur. Alimlərin fikrincə, Çilinin Pataqoniya ərazisi planetin ekoloji cəhətdən ən təmiz yeridir. Elqui Vadisi isə yer üzündə ən aydın səmaya malikdir. Belə ki, burada ildə təqribən 240 buludsuz gecə olur. Elə ona görə də planetin Cənub yarımkürəsində ən böyük astronomik rəsədxana burada tikilmişdir.
Bu ölkənin sakinləri İslam dinindən uzaq olsalar da, müsəlman xalqları kimi yerdə oturmağı sevirlər. Ancaq xristianlar kimi yay-qış evə ayaqqabılı girirlər. Ən çox sevdikləri məşğuliyyət futbol azarkeşliyi və şeirə qulaq asmaqdır. Onların tanınmış şairlərinin şəkillərini pulların üstündə görmək olur.
Ən maraqlı məqam. Bu ölkədə bütün ailələr çoxuşaqlıdır – hamının beş və ya altı uşağı var. Üstəlik, Çilidə boşanmalar qətiyyən qəbul edilmir. Yəni orada evlənəndə yüz ölçüb, bir biçirlər və ona görə də bütün ailələrdə ərlə-arvadın xasiyyəti bir-birinə düz gəlir.
İttifaq MİRZƏBƏYLİ