ABŞ Silahlı Qüvvələri Çinlə mümkün münaqişəyə hazırlaşır. Amerikalı hərbçilər bu məqsədlə müxtəlif manevrlər, o cümlədən Ukrayna müharibəsində istifadə olunan taktikalar üzərində çalışır.
AZƏRTAC xəbər verir ki, “New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın dövlət başçısı postuna namizədlər Donald Tramp və Kamala Harrisin Ukrayna və Yaxın Şərqdəki müharibələrlə bağlı mövqeyi fərqli ola bilər, lakin Birləşmiş Ştatlar noyabrda keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Çinlə müharibəyə hazırlaşmağa davam edəcək.
“ABŞ ordusu özünü və yüz minlərlə gənc kişi və qadını növbəti müharibəyə - bu dəfə Çinlə potensial münaqişəyə hazırlayır. Bu müharibə həm quruda, həm dənizdə və havada, həm də kosmosda aparıla bilər. Ordu da məhz həmin ssenarilər üzrə hazırlıq keçir. Amerikalı hərbçilər, eyni zamanda, Ukraynanın Rusiyaya qarşı döyüşlərini müşahidə edir və yeni manevrlər üzərində işləyir”, - deyə materialda bildirilir.
Nəşrin fikrincə, Çin və ABŞ kimi nüvə silahına malik böyük dövlətlər arasında münaqişə dəfələrlə təhlükəli olacaq. Həmin müharibədə amerikalı hərbçilər arasında itkilər Birləşmiş Ştatların iştirak etdiyi ən qanlı müharibələri belə geridə qoya bilər.
Qəzet, həmçinin qeyd edir ki, ABŞ-ın bölgədəki hərbçilərinin təxminən 54 min nəfəri Yaponiyada, 25 mini Cənubi Koreyada, bir qədəri isə Filippində yerləşdirilib. “General-mayor Robert Smolls” gəmisi isə münaqişə baş verəcəyi təqdirdə Amerika texnikası və avadanlığının regiona çatdırılması üçün kritik əhəmiyyətə malikdir.