“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 88 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı məzmunda 19.5-ci maddə əlavə edilsin:

“19.5. Turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

19.5.1. kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;

19.5.2. iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

19.5.3. tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;

19.5.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Sərəncamlar