Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında bildirib ki, BRICS ilə münasibətləri inkişaf etdirmək Türkiyənin indiki öhdəliklərinə alternativ deyil və ola da bilməz. Məlumatı “Anadolu” verib.
Prezident deyib: “Türkiyə öz maraqlarının tələb etdiyi istiqamətdə əməkdaşlığı inkişaf etdirir, bu, bizim xarici siyasətimizin əsasını təşkil edir. Biz kursu dəyişmirik. Əksinə, Türkiyənin maraqlarını əsas tutaraq dəyişən qlobal sistemdə layiqli yer tutmağa çalışırıq”.
O əlavə edib ki, Türkiyə NATO-nun uzunmüddətli müttəfiqi və Aİ-yə tamhüquqlu üzv olmaq istəyən ölkə kimi bütün bu platformalarda öz yerini tutur.
Prezident izah edib ki, Ankara “Şərqdən üz döndərmir, eyni zamanda Qərblə əlaqələri gücləndirir”: “Biz başqalarının bizim üçün göstərdiyi istiqamətdə deyil, öz maraqlarımıza və azad iradəmizə uyğun addımlar atırıq”.
Ərdoğan Ankara ilə BRICS ölkələri arasında əhəmiyyətli əməkdaşlıq potensialının olduğuna diqqət çəkib.
P.ƏMİRCANOV
XQ