Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 216 nəfərin saxlanıldığı növbəti genişmiqyaslı əməliyyat barədə məlumatı açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazir sosial şəbəkələrdə “Gürz-23” kod adlı əməliyyat çərçivəsində Türkiyənin 45 vilayətində, o cümlədən Ankara, Antalya, İstanbul, Ərzurum, İzmir və Kayseridə həbslər aparıldığını yazıb.
Əməliyyat prokurorluq və kəşfiyyat orqanları ilə razılaşdırılıb. Saxlanılan şəxslər terror təşkilatının fəaliyyətində iştirakda və onların maliyyələşdirilməsində ittiham olunurlar.
Ali Yerlikaya ölkə vətəndaşlarını əmin edib ki, onun rəhbərlik etdiyi nazirlik cinayətkarlıqla bundan sonra da mübarizə aparmaq əzmindədir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara