Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

post-img

“Parlament seçkilərində qalib gəlmək gürcü xalqının böyük əksəriyyətinin son iki ildə, yəni, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Gürcüstana qarşı olan böyük ədalətsizliyə tutarlı cavabı idi. Kənar qüvvələrin ölkənin daxili işlərinə qarışmasına, şantajına, hədə-qorxusuna, medialara, agent şəbəkələrinə yatırılan pullara və s. baxmayaraq gürcü xalqı öz layiqli mövqeyini göstərdi. Biz yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qarşı gəldik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü ekspert, “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili söyləyib.

Onun sözlərinə görə, seçkilərdə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan, bu dövlətin möhkəmlənməsində, inkişafında böyük xidmətləri olan azərbaycanlılar da mühüm rol oynayıblar. “Seçkilərdə göstərdikləri qətiyyətə, Gürcüstan dövlətinin gələcəyinə, sülhə səs verən azərbaycanlılara təşəkkürümü bildirirəm. Azərbaycanlılar ölkədə yaşayan bəzi Gürcüstan vətəndaşlarından fərqli olaraq sülhün, sabitliyin tərəfdarlarlar. Əsrlərdir qardaşlıq və dostluq əlaqələrini qoruyub saxlamağı bacaran Gürcüstanın və Azərbaycanın yalnız bir məqsədi var, o da regionda sülhün, stabilliyin bərqərar olmasıdır. İki ölkə böyük layihələr həyata keçirməklə Cənubi Qafqaz dünyada öz mühüm yerini qoruyub saxlayacaq”, - deyə ekspert vurğulayıb.

O deyib ki, seçkilərdə məğlub olmuş müxalifətin artıq heç bir perspektivi yoxdur. Heç kim gürcü xalqının seçiminə qarşı bilməz. 1 milyon 120 min vətəndaş öz seçimini etdi və heç kimə onların seçiminə qarşı çıxmağa imkan vermədi.

Ekspertin sözlərinə görə, demokratiyanın əsas prinsiplərindən biri elə idarəetmənin və qərar qəbuletmənin əksəriyyətin qərarı ilə baş tutmasıdır.

“Avropada olan bir təcrübəni götürsək görərik ki, 25-26 faizlə qalib gələn qüvvələr dövləti idarə edirlər. Gürcüstanda keçirilən bu seçkilər dinc, ədalətli, azad seçkilər idi və vətəndaşlar da öz azad seçimlərini etdilər.

Gürcüstan dövləti regionda və dünyada sülhün tərəfdarıdır. Ölkədə və regionda sülhün bərqərar olması, regionun çiçəklənməsi üçün Azərbaycanla və digər sülhsevər dövlətlərlə əməkdaşlıq edəcək. Bizi bu yoldan heç kim döndərə bilməyəcək”, – deyə Şakarişvili vurğulayıb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri 

Tbilisi

Dünya