Qazaxıstan uzun illərdir ki, beynəlxalq birliyin nüfuzlu üzvü kimi öz missiyasını həyata keçirir. Xarici siyasətimizin əsas elementləri müstəqillik, çoxtərəflilik, regional sabitlik və diplomatiyadır.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beyin Mərkəzləri Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Qazaxıstan lideri qeyd edib: “Biz Birləşmiş Millətlər Təşkilatının yeganə universal təşkilat, qlobal əməkdaşlıq və tərəqqinin aparıcısı kimi rolunu qətiyyətlə dəstəkləyirik. İnanırıq ki, bütün əsas tərəfdaşlarla konstruktiv əməkdaşlıq həm regionumuzda, həm də onun hüdudlarından kənarda uzunmüddətli sülh və rifahı təşviq etmək üçün vacibdir”.
Prezident forum iştirakçılarına İranla nüvə sazişinin bağlanması, Suriya məsələsi üzrə danışıqlar və Azərbaycanla Ermənistan arasında bu yaxınlarda keçirilən görüş üçün Qazaxıstanın platforma yaratdığını xatırladıb.
Dövlət başçısı nüvə tərksilahı, ətraf mühitin mühafizəsi kimi mövzulara da diqqət yetirib.
“Biz könüllü olaraq, nüvə arsenalımızdan imtina etdik və onun qlobal miqyasda yayılmaması səylərini dəstəkləməyə davam edəcəyik. Astananın Beynəlxalq Biotəhlükəsizlik Agentliyinin yaradılması təşəbbüsü qlobal təhlükəsizlik təhdidlərinə qarşı mübarizə üzrə öhdəliyimizi tamamlayır. Ətraf mühitin mühafizəsi sahəsində Qazaxıstan qlobal iqlim gündəliyinin məqsədlərinə sadiqdir. Biz Paris iqlim Sazişini qətiyyətlə dəstəkləyirik”, -deyə Kasım-Jomart Tokayev qeyd edib.