İtaliyada surroqat analıqla bağlı turizmi qadağan edən qanun qəbul olunub

post-img

İtaliya parlamenti cütlüklərə surroqat analıq yolu ilə uşaq dünyaya gətirmək üçün xaricə getməyi qadağan edib.

Çərşənbə günü Yuxarı Palatada (Senat) bu qanunun lehinə 84 deputat səs verib. “The Guardian” nəşri yazır ki, qanun layihəsi artıq keçən il aşağı palata tərəfindən təsdiqlənib.

İtaliyada surroqat analıq 2004-cü ildən qadağan edilib. İndi xaricdə surroqat anaların xidmətinə müraciət edən cütlüklər cinayət məsuliyyətinə cəlb olunacaq. Yeni qanun bir milyon avroya qədər cərimə ilə üç aydan iki ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Ölkənin Baş naziri Corcia Meloni ənənəvi ailə dəyərlərini təbliğ etməyə çalışan və LGBTQ cütlüklərinin uşaqlara qanuni hüquqlar əldə etməsini getdikcə çətinləşdirən dərin mühafizəkar sosial siyasət yürüdür. Bundan əvvəl İtaliya hökumətinin başçısı surroqat analığı uşaqlara supermarketdə məhsul kimi baxıldığı “qeyri-insani” təcrübə adlandırıb.

Surroqat analıq qadağası İtaliyada doğum nisbətinin azaldığı bir vaxta təsadüf edir. Ölkənin Milli Statistika İnstitutu (ISTAT) bu ilin martında 2023-cü ildə doğum nisbətinin rekord səviyyədə aşağı düşdüyünü bildirib.

Dünya