Yaxın Şərqdə əzələ nümayişi, yoxsa müharibə?!

post-img

Bu il oktyabrın 1-də günün axşam saatlarından başlayaraq İran ordusu bir neçə saat ərzində əzəli rəqibi İsrailin ərazisini dron və raketlərlə kütləvi hücuma məruz qoyub. İran rəsmiləri “sionist ölkə”yə qarşı 500-ə yaxın dron və raket atıldığını iddia edirlər. Rəsmi Təl-Əviv isə cəmi 180 raketin havaya buraxıldığını və onlardan çoxunun havada zərərsizləşdirildiyini bildirir.

Kimin düz, kimin səhv məlumat verdiyini ayırd etmək çətindir, bəlkə də buna heç ehtiyac yoxdur. Qeyd etmək lazımdır ki, hücum yəhudilərin ta qədimdən hər il yeni il bayramı – Roş-Ha-Şana bir gün qalmış baş verib. Bu il bayram 2 gün davam etməli idi.

Qeyd etmək lazımdır ki, İranın İsrailə havadan hücum edəcəyi gözlənilən idi. İran rəsmiləri bildirirlər ki, məqsəd bir müddət əvvəl Tehranda qətlə yetirilən HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə və bu günlərdə Beyrutda qərargahında öldürülən Hizbullahın rəhbəri Həsən Nəsrullahın qisasını almaqdır. Hər iki şəxsin məhv edilməsində İsrail günahlandırılır.

Hörmətli oxucu, gəlin yenidən 2 oktyabr gecəsində İranın başladığı hava hücumuna qayıdaq. İsrail bildirir ki, kütləvi dron və raket hücumu zamanı cəmi 1 nəfər həlak olub. Həmin şəxs İordan çayının qərb sahilində yaşayan bir fələstinli imiş. Təl-Əviv həmçinin etiraf edir ki, İran raketlərindən İsrailin mərkəzi hissəsində bir məktəb binası zərər çəkib və bundan başqa Təl-Əvivdə isə restoranlardan biri zədələnib. Yəni, vəssalam, şüttəmam. İran tərəfi isə hücum zamanı “düşmənin ağır itkilər verdiyini” vurğulayır.

Dünən İsrail Müdafiə Ordusunun generalı Daniel Haqari mediaya açıqlamasında bildirib ki, İranın hücumu zamanı İsrail və ABŞ ordularının havadan müdafiə sistemləri birlikdə səmərəli fəaliyyət göstəriblər. Ağ evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb və onların böyük əksəriyyəti havadaca sıradan çıxarılıb.

Yeri gəlmişkən, İsrail aviasiyası İranın hücumundan qısa müddət sonra Hizbullahın Livanın cənubunda və Beyrutdakı obyektlərinə zərbələr endirib. Ölən və yaralananlar barədə məlumat verilmir.

İranın təhlükəsizlik xidmətlərinin ürəyi İsrailə onlarla dron və raket atmaqla “soyumayıb”. Təl-Əvivdə oktyabrın 1-dəki ağır terror aktını da israillilər iranlıların ayağına yazırlar. Atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb.

Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir. Məlumata görə, terrorçular dayanacaqda tramvay vaqonuna daxil olaraq sərnişinlərə atəş açıblar.

Hazırda siyasətçiləri belə bir sual maraqlandırır: İranın İsrailə hücumu Yaxın Şərqdə rəqiblərin bir-birinə qarşı növbəti əzələ nümayişidir, yoxsa regionda ağır, geniş miqyaslı yeni müharibə başlayır?

İran açıq-aşkar bildirir ki, İran İsrailin yalnız hərbi obyektlərini hədəf alıb və heç də böyük müharibənin başlanmasını arzulamır. Lakin İsrail “əlavə cavab tədbirləri görərsə”, İran da adekvat adddımlar atmalı olacaq.

Dünən İran Prezidenti Məsud Pezeşkian özünün “X” sosial şəbəkəsindəki səhifəsində bəyan edib ki, Tehranın məqsədi özünün milli maraqlarını qorumaqda qətiyyətli olduğunu nümayiş etdirməkdir. Onun sözlərinə görə, İran öz gücünün ancaq kiçik bir qismini göstərib. Pezeşkian İsrailin iqtidarını xəbərdar edərək eskalasiyaya yol verməkdən çəkinməyə çağırıb.

İranın xarici işlər naziri Abbas Ərakçi sosial şəbəkələrdə qeyd edib ki, hadisələrin sonrakı gedişatı İsrailin mövqeyindən asılı olacaq. İsrailin baş naziri Benyamin Netanyahu isə qəti və birmənalı surətdə bildirib ki, İran “böyük səhv edib və mütləq bunun bədəlini ödəyəcək”.

Dünən axşam Yəmən husiləri İsraildəki hərbi obyektlərə raket zərbələri endiriblər. Bu barədə husi generalı Yəhya Sari “X” sosial şəbəkəsində paylaşım edib.

Y.Sari vurğulayıb ki, İranın İsrailə zərbələr endirməsini dəstəkləyir.

Bütün bunlar ona dəlalət edir ki, Yaxın Şərqdə tezliklə vəziyyətin sabitləşəcəyinə ümid bəsləmək çətindir. Çünki rəqiblərin bir-birinə qarşı kin və küdurəti sonsuzdur. Amma bütün hallarda ümid sonda ölür.

M.HACIXANLI,
C.ALIŞLI
XQ

Dünya