TDT energetika nazirlərinin 4-cü iclası keçirilib

post-img

Qırğızıstan paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin energetika nazirlərinin 4-cü iclası keçirilib. Bu barədə Qırğızıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

İclasda Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstanın energetika nazirləri və nümayəndələri, həmçinin Türkmənistan və Macarıstandan müşahidəçilər iştirak ediblər.

Görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Naxçıvan Sazişində, Türk dünyasının 2040-cı ilə qədər inkişaf konsepsiyasında və 2023-2027-ci illər üçün enerji əməkdaşlığı üzrə Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrası müzakirə edilib.

Nazirlər yaşıl energetikanın inkişafına, texnologiyalar və yaşıl təşəbbüslər üzrə regional mərkəzin yaradılmasına, eləcə də hər il energetika işçiləri arasında peşəkar bacarıq müsabiqələrinin keçirilməsinə xüsusi diqqət yetiriblər. 

İştirakçılar elektrik enerjisinin mübadiləsi və təchizatı sahəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmiş, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas vasitə kimi enerji səmərəliliyinin vacibliyini vurğulamışlar.

P.ƏMİRCANOV
XQ

Dünya