Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Avropada nüvə münaqişəsi baş verəcəyi təqdirdə ABŞ kənarda “otura” bilməyəcək. Onun sözlərinə görə, Rusiya hakimiyyəti “nüvə dövlətləri arasında, xüsusən də ABŞ və Rusiya arasında nüvə müharibəsi ola bilməyəcəyini yüz dəfə bildirib”. O qeyd edib ki, belə münaqişədə qalib olmayacaq. Məlumatı “Kommersant.ru” verib.
“Ancaq ABŞ-da bir növ illüziya var ki, əgər münaqişə baş versə, o, Amerika Birləşmiş Ştatlarının ərazisinə yayılmayacaq. Mən daim onlara bir tezisi çatdırmağa çalışıram ki, amerikalılar okean sularının arxasında otura bilməyəcəklər, bu müharibə hamıya təsir edəcək. Buna görə də biz daim deyirik: bu ritorika ilə oynamayın”, – səfir “Rossiya 24” telekanalının efirində bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Qərb ölkələri Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırsalar, NATO “nüvə gücünə qarşı hərbi əməliyyatların birbaşa tərəfinə çevriləcək”. Prezident Vladimir Putin də hesab edir ki, Ukraynanın bu cür silahlardan istifadəsinə icazə verilməsi o demək olacaq ki, ABŞ, NATO və Avropa ölkələri Rusiya ilə müharibə vəziyyətindədir.
P.ƏMİRCANOV
XQ