Qazaxıstan TDT üzvləri arasında sadələşdirilmiş gömrük sazişini təsdiqləyib

post-img

Qazaxıstan parlamentinin yuxarı palatasının – Senatın deputatları Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişi ratifikasiya ediblər. Məlumatı “Anadolu” verib. 

Qazaxıstan mətbuatına istinadən senator Nurlan Bekenov bildirib ki, saziş ərazilər arasında hərəkət edən mal və nəqliyyat vasitələrinə gömrük nəzarətini sürətləndirəcək, bu da, öz növbəsində beynəlxalq ticarət əlaqələrinin inkişafına təkan verəcək.

“İlin əvvəlindən Qazaxıstanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə xarici ticarətinin həcmi 10,4 milyard dollar təşkil edib, ticarət dövriyyəsinin 61 faizi – 6,4 milyard dolları ixracın, 39 faizi – 4 milyard dolları isə idxalın payına düşüb”, - deyə o bildirib.

Qazaxıstan tərəfindən Saziş imzalandıqdan sonra texniki şərtlər altı ay ərzində hazırlanacaq və təsdiqlənəcək, ardınca pilot layihəyə start veriləcək. Tamamlandıqdan sonra gömrük orqanları məlumat mübadiləsinə başlayacaq. Mümkün olduqda treyderlər üçün sadələşdirilmiş rəsmiləşdirmələr tətbiq olunacaq.

“Sazişin ratifikasiyası Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafına və qarşılıqlı iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verəcək”.

Bundan əvvəl, iyun ayında prezident Qasım-Jomart Tokayev “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq birləşmiş yük daşımaları haqqında Sazişin ratifikasiyası haqqında” qanunu imzalayıb. Bu sazişin məqsədi tranzit-nəqliyyat potensialını və ticarət-iqtisadi əlaqələri inkişaf etdirməkdir.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya