Fransanın şəhərlərində izdihamlı anti-Makron etiraz aksiyaları keçirilib

post-img

Fransada Solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının ümumi seçkilərdə son qələbəsinə rəğmən prezident Emmanuel Makronun sağçı siyasətçi Mişel Barnyeni baş nazir təyin etmək qərarına etiraz edən minlərlə vətəndaş sentyabrın 8-də küçələrə axışıb.

AZƏRTAC fransız mediasına istinadla xəbər verir ki, etiraz aksiyaları öz namizədinin hökumətə rəhbərlik edəcəyinə ümid edən NFP tərəfindən təşkil olunub.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Makronun əleyhinə nümayişlərdə paytaxt Parisdə 30 minə yaxın, bütün ölkə boyu isə 110 mindən çox insan iştirak edib. Renn, Nant, Nitsa, Marsel və Strasburq kimi böyük şəhərlər də daxil olmaqla, 150-dən artıq şəhər və qəsəbədə etiraz aksiyaları keçirilib.

Ölkənin ən böyük solçu partiyası olan “Əyilməz Fransa”nın (“La France Insoumise France”) parlament lideri Matilda Panot sosial mediada faktiki fəallığın daha çox olduğunu iddia edərək, təkcə Parisdə 160 min, bütün ölkə üzrə isə 300 min etirazçı olduğunu bildirib.

Etirazçılar Makronu NFP-nin namizədi Lyusi Kastetin əvəzinə Barnyeni baş nazir təyin etməklə seçkilərin nəticələrinə məhəl qoymamaqda ittiham ediblər.

Davam edən nümayişlər Makronun idarəçiliyi ilə bağlı artan ictimai narazılığı əks etdirir.

Dünya