Alen Delonun varidatı ilə bağlı vəsiyyəti övladlarına çatdırılıb

post-img

Fransız aktyor Alen Delonun vəsiyyəti onun övladlarına çatdırılıb. Bu barədə  sentyabrın 4-də “Figaro” məlumat yayıb. 

Məktubu aktyorun notariusu ötən cümə günü varislərə - Entoni, Anuşka və Alen-Fabien Delona göndərib. Uşaqlar arasında mirasın bölüşdürülməsi ilə bağlı dörd səhifəlik sənəd də aktyorun vəkilinə və onun əmlakının idarəçisinə göndərilib.

İsveçrə qanunlarına görə, üç uşağın sənədə etiraz etmək üçün 30 gün vaxtı var.

Delonun böyük oğlu Entoni bir müddət əvvəl bildirmişdi ki, 150 milyon avro dəyərində təxmin edilən mirasın 50 faizi onun bacısı Anuşkaya keçəcək. Oğullar aktyorun əmlakının 25 faizini alacaqlar.

Qeyd edək ki, Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib . O, teatr və kinoda yüzlərlə rol oynayıb, rejissor, ssenarist və prodüser olub. Delon “Rokko və qardaşları” (1960), “Parlaq günəşdə” (1960) və “Samuray” (1967) kimi filmlərdən sonra dünya şöhrəti qazanıb. Filmlərdəki rollarına görə sənətçi Sezar mükafatına və Palma budağına layiq görülüb.

P.ƏMİRCANOV
XQ

Dünya