Çinin Sədri Si Cinpin Afrikanın 50 ölkəsindən olan alimlərin məktubuna cavabında Çin və Afrikanın ortaq gələcəyə malik olduqlarını bildirib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Si Cinpin qeyri-sabit və bir-birinə qarışmış dünyada Çin və Afrikanın əvvəlkindən daha çox həmrəylik və əməkdaşlıq nümayiş etdirməli olduqlarını vurğulayıb. O, alimləri ortaq gələcəyə malik yüksək səviyyəli Çin-Afrika icmasının qurulmasına və Qlobal Cənubun ümumi maraqlarının qorunması üçün intellektual dəstəyi davam etdirməyə təşviq edib.
Si Cinpin qeyd edib ki, bir müddət əvvəl Çin Kommunist Partiyasının (ÇKP) 20-ci Mərkəzi Komitəsinin üçüncü plenar iclası uğurla keçirilib və islahatların daha da dərinləşdirilməsi yolu ilə modernləşmə istiqamətində geniş perspektivlər açmaq çağırışı səslənib. O vurğulayıb: “Dinc inkişafa can atan, islahatlara və açıqlığa sadiq olan Çinin davamlı inkişafı və böyüməsi, şübhəsiz ki, dünyada sülh və beynəlxalq ədalət üçün səyləri daha da gücləndirəcək və qlobal modernləşmə prosesinə, xüsusən də iqtisadi inkişafın və dirçəlişin inkişafına tükənməz təkan verəcəkdir”.
ÇXR-in Sədri qeyd edib ki, Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) qarşıdan gələn Zirvə toplantısı əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Çin və Afrika liderlərini yenidən bir araya gətirəcək və bu, gələcək münasibətlər baxımından faydalı olacaq. O, həmçinin ümidvar olduğunu bildirib ki, Darüs-Salam konsensusuna əsaslanan tərəflər - Qlobal Cənub ölkələri, Çin-Afrika və Cənub-Cənub əməkdaşlığını daha da inkişaf etdirəcəklər. Pekin bu proseslərə mühüm intellektual dəstək verməyə davam edəcək.
Qeyd edək ki, Cənubi Afrika Respublikasının diplomatı Gert Qrobler və Afrikanın 50 ölkəsindən 63 alim Si Cinpinə məktub göndərərək, Çin-Afrika icmasının yaradılmasına köməklik göstərilməsini xahiş ediblər.