ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ və Çin iki ölkə arasında qarşıdurma və münaqişənin qarşısının alınmasında birgə məsuliyyət daşıyırlar. Məlumatı Ağ evin bəyanatına istinadən “İnterfaks.ru” verib.
“Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan avqustun 29-da Pekində ÇXR Mərkəzi Hərbi Komissiyasının (CMC) sədr müavini Zhang Yuxia ilə görüşüb və hər iki ölkənin rəqabətin münaqişə və ya qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün məsuliyyət daşıdığını vurğulayıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, hər iki tərəf bu sahədə son on ay ərzində əldə edilmiş tərəqqini tanıyaraq, yüksək səviyyəli diplomatiyanın və açıq kommunikasiya xətlərinin saxlanması səylərinin bir hissəsi kimi müntəzəm hərbi təmasların vacibliyini bir daha təsdiqləyib.
Sallivan “Tayvan boğazının hər iki tərəfində sülh və sabitliyin vacibliyini, ABŞ-ın Cənubi Çin dənizində naviqasiya azadlığına sadiqliyini və Çinin Rusiyanın müdafiə sənayesi bazasına dəstəyindən narahatlığını qeyd edib”, - Ağ Ev bildirib.
Sallivan avqustun 27-29-da Pekində səfərdədir.
P.ƏMİRCANOV
XQ