Xudafərin Su Anbarında su ehtiyatı 719 milyon kubmetrə çatıb

post-img

Xudafərin Su Anbarı Cəbrayıl və Zəngilan rayonlarının inzibati ərazisində - Şərqi Zəngəzurda yerləşir. Respublika ərazisində böyük həcmli su hövzələrindən olan Xudafərin Su Anbarı ərazidə “yaşıl enerji” təminatı ilə bərabər, həm də suvarma işlərinin yaxşılaşdırılması üçün böyük potensiala malikdir.

Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xudafərin Su Anbarında hazırda 719 milyon kubmetr su ehtiyatı var, bu göstərici iyul ayı ilə müqayisədə 20 milyon kubmetr artım deməkdir.

Su tutumu 1,612 milyard kubmetr olan Xudafərin Su Anbarı həm əkin sahələrinin suvarılması, həm də enerji istehsal olunması üçün nəzərdə tutulub. Bundan başqa, aşağı hissədə Qız qalası Su Anbarı yerləşir və anbarın həcmi 62 milyon kubmetrdir. Bu su anbarından sugötürmə qabiliyyəti 50 kubmetr/saniyə olan suvarma kanalının çəkilməsi nəzərdə tutulur və bunun üçün layihə hazırlanır. Sözügedən kanal çəkiləndən sonra Cəbrayıl, Füzuli və digər rayonların əkin sahələrinin su təminatı yaxşılaşacaq.





Sosial həyat