BRICS sammiti ərəfəsində Kazanda caz festivalı açılır

post-img

Kazanda keçiriləcək BRICS sammiti ərəfəsində təşkil olunacaq caz festivalı dünyanın müxtəlif ölkələrindən 200-dən çox musiqiçini bir araya gətirəcək.

Festivalın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar arasında Rusiya, Türkiyə, Efiopiya, Çin, Hindistan, Braziliya, Kuba, İran və başqa ölkələrin nümayəndələri olacaq.

Mətbuat xidməti qeyd edib: “Avqustun 28-dən 30-dək Kazanda “Diksiland Konqresi və BRICS ölkələrinin etno-caz ansamblları” beynəlxalq festivalı keçiriləcək. Üç gün ərzində şəhər genişmiqyaslı konsert məkanına çevriləcək, burada 22 qrupda 200-dən çox rus və xarici ifaçı çıxış edəcək, həmçinin caz filmləri nümayiş etdiriləcək və musiqi paradı olacaq. Tədbir Rusiyanın oktyabrda Tatarıstan paytaxtında keçiriləcək XVI BRICS sammiti ərəfəsində keçirilir. Caz festivalı ilk dəfə olaraq forumun proqramına daxil ediləcək və bir neçə min tamaşaçını, o cümlədən iştirakçı ölkələrin diplomatik korpuslarının rəhbərlərini bir araya gətirəcək”.

Qeyd edək ki, layihə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən “Rusiya Federasiyasının 2024-cü ildə sədrliyi dövründə BRICS platforması çərçivəsində Fəaliyyət Planı”na daxil edilib.

BRICS assosiasiyası 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika, 2024-cü ildə isə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya bu birliyə qoşulub. Bu yaxınlarda Azərbaycan da BRICS-ə üzv olmaq üçün ərizə verib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya