Fransada parlament seçkilərindən sonra bir-birinə güzəştə getmək niyyətində olmayan üç əsas blokla siyasi vəziyyət donmuş görünür. Kompromis olmadan, növbəti hökumət bütün digər qüvvələrin etirazı ilə üzləşəcək. Konstitusiya Emmanuel Makrona vəziyyəti idarə etməyə imkan verir, lakin o, güclü hökumət qeyri-sabitliyi ilə IV Respublikanı xatırladan konfiqurasiyada olacaq.
AZƏRTAC xəbər verir ki, konstitusiya tərəfdarları ölkədə davam edən siyasi vəziyyətlə bağlı narahatlıqlarını yerli televiziya kanallarında ifadə ediblər.
Bildirilir ki, Milli Assambleyanı buraxaraq, ölkədə qeyri-sabitliyi yaradan elə E.Makron özüdür. Qanunverici orqana seçkilərinin nəticəsində de-fakto institusional qeyri-sabitlik yaranıb və Assambleya üç bloka bölünüb. Makron öz institusional missiyasında Parlamentin etimadından yararlana bilən və çoxluq tərəfindən qəbul olunan baş nazir təyin etməlidir.
İndi E.Makron özünün yaratdığı xaosdan çıxış yolu tapa bilmir və çətinliklərlə üzləşib. Respublika prezidenti Konstitusiyaya əməl olunmasını, dövlət hakimiyyəti orqanlarının müntəzəm fəaliyyətini, eləcə də dövlətin davamlılığını təmin etməlidir. Bugünkü siyasi vəziyyətdə Makron dövləti idarə edə bilmək üçün alternativ əksəriyyət tapmalıdır. Məsələ Assambleyada hansı çoxluğun meydana çıxa bilməsidir. Çünki bu çoxluqdan asılı olaraq, Fransa hökuməti islahatlar keçirə, büdcəni qəbul edə və ölkəni irəli apara bilər. Yeni çoxluğun sabitliyi məsələsi təmin edildikdə institusional dövlət çevrilişindən danışmağa heç bir əsas olmur.
Fransa Milli Assambleyasında isə bir-birinə güzəştə getmək niyyətində olmayan üç əsas blokla vəziyyət çətindir. Kompromis olmadan, növbəti hökumət bütün digər qüvvələrin etirazı ilə üzləşəcək. Bu isə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir. E.Makron heç bir halda istefa verməyəcəyini bildirib. Milli Assambleya çıxılmaz vəziyyətdədir, siyasi böhrandan çıxmaq üçün kompromisə gələ bilmir. Müzakirələr konsensual həllə nail olmadan davam etdikcə gərginlik güclənir. Mütləq əksəriyyəti təmin edəcək koalisiya yaradılmazsa ölkə ciddi böhranla üzləşəcək. Belə bir koalisiya isə mümkünsüz görünür. Artıq Assambleyadakı siyasi qüvvələr bunun qeyri-mümkünlüyünü bildirdilər. Belə vəziyyətdə Makron istefa verməli, yaxud Milli Assambleya yenidən buraxılmalıdır.
V Respublika Konstitusiyasına əsasən (maddə 12) Milli Assambleyanın buraxılması qanunverici orqana seçkilərdən bir ildən sonra baş verə bilər. Aydındır ki, 2025-ci ilin yayından əvvəl, daha dəqiq desək, 7 iyul 2025-ci il tarixinə qədər E.Makron Assambleyanı yenidən buraxa bilməz.