Səudiyyə Ərəbistanı 2025-ci il yanvarın 14-dən 16-dək Gələcəyin Minerallar Forumunun (FMF) dördüncü buraxılışına ev sahibliyi edəcək.
AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, “Təsirlərə nail olmaq” mövzusu altında Ər-Riyaddakı Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək beynəlxalq tədbirin təşkilatçısı qismində Səudiyyə Ərəbistanının Sənaye və Mineral Ehtiyatlar Nazirliyi çıxış edir. Forumun keçirilməsində əsas məqsəd mineral hasil edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması üçün davamlılıq təşəbbüslərinin təşviqi və dünyanın ehtiyac duyduğu həyati minerallar üçün davamlı təchizat zəncirinin yaradılmasıdır.
Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər Alxorayef bildirib ki, bu forumda hökumətlərdən tutmuş mədən şirkətlərinə, maliyyə institutlarına, tədqiqat mərkəzlərinə və akademik institutlara qədər minerallar sektorunda bütün maraqlı tərəflər iştirak edəcəklər. Onlar bu sektorda investisiya imkanlarının yaradılması və stimullaşdırılması məsələlərini müzakirə edəcəklər.
Forum çərçivəsində keçiriləcək müxtəlif ölkələrin nazirlərinin dəyirmi masasına 100 ölkədən hökumət orqanlarından ibarət işçi qruplar və 40 beynəlxalq təşkilatın nümayəndələri dəvət ediləcək.
Qeyd edilib ki, 2024-cü ilin yanvarında keçirilən forumda 133 ölkədən 14 mindən çox investor, ən böyük mədən şirkətlərinin rəhbərləri və bu sahədə texniki ekspert və mütəxəssislər iştirak edib. Sayca üçüncü tədbirdə Səudiyyə Ərəbistanının istifadə olunmamış mineral potensialı ilə bağlı yeni hesablamalar açıqlanıb və ümumi dəyəri 75 milyard rialdan çox olan 75 müqavilə imzalanıb. Bu sənədlər mədən kəşfiyyatı, maliyyələşdirmə, texnologiya, davamlılıq standartlarının tətbiqi və təchizat zəncirlərinə investisiya sahələrini əhatə edir.