Gürcüstanda palament seçkiləri yaxınlaşdıqca gərginlik artır. Partiya rəhbərləri seçicilər qarşısında çıxış edərək qarşı tərəfi kəskin tənqid edirlər. “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili seçki kampaniyası çərçivəsində Ambrolauridə seçicilər ilə görüşüb və müxalifəti tənqid edib. O deyib: “Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində seçicilər Gürcüstanı xilas etmək, milli ləyaqəti qoruyaraq ölkəni sülhə və Avropa İttifaqına üzvlüyə aparmaq üçün seçim etməlidirlər”.
Bundan əvvəl İvanişvili bildirmişdi ki, “Gürcü arzusu”nun məqsədi qarşıdan gələn parlament seçkilərində təkcə qələbə qazanmaq deyil, konstitusiya çoxluğunu, yəni parlamentdəki yerlərin 3/4-nü əldə edərək Gürcüstanın üzləşdiyi problemləri həll etməkdir: “2012-ci ildən başladığımız işləri başa çatdırmalı və milli ləyaqəti qoruyub saxlayaraq Avropa İttifaqının tamhüquqlu üzvü olmalıyıq”.
Onun sözlərinə görə, Gürcüstanın bütün radikal müxalifətinə səpələnmiş xarici agentlər hakimiyyəti ələ keçirmək üçün fürsət gözləyirlər. Bu, Gürcüstanın müharibəyə cəlb olunmasına, iqtisadi çətinliklərə, aclığa gətirib çıxaracaq, ərazi itkilərinə səbəb olacaq.
İvanişvili daha sonra qeyd edib ki, seçim heç vaxt bu qədər sadə olmayıb: bu gün bir tərəfdə sülh, firavanlıq və ləyaqət, digər tərəfdə isə müharibə, yoxsulluq və kölə itaətkarlığı var. “Ötən illərdən fərqli olaraq, regiondakı siyasi vəziyyət müəyyən qlobal qüvvələri və onların ölkəmizdəki agentlərini hərəkətə gətirib. Onlar hər cür yolla hakimiyyəti “Vahid Milli Hərəkat”a qaytarmağa çalışırlar. Lakin istədiklərinə nail ola bilməyəcəklər”.
Qeyd edək ki, Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi ABŞ “Gürcü arzusu"nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri artırmaq niyyətindədir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Açıqlamada qeyd edilib ki, oktyabrın 26-da keçiriləcək seçkilərdə hakim "Gürcü arzusu" partiyası əhalinin etimadını qazana bilər. Birləşmiş Ştatlarda qorxu var ki, bu, Gürcüstana suverenliyini davam etdirmək üçün sərbəstlik verəcək. Mövcud hakimiyyət Qərbin Gürcüstanın milli maraqlarına zidd olan tələblərini yerinə yetirməkdən imtina edir: "Ağ ev bu ssenarini qəbuledilməz hesab edir, amerikalılar "Gürcü arzusu"nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün seçkilərə qalan həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər".
Bu arada Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib. Bildirilib ki, "Avropa Gürcüstanı", "Agmashenebeli Strategy", "Vahid Milli Hərəkat", "Qirçi – daha çox azadlıq", "Güclü Gürcüstan" ("Gürcüstan üçün Lelo", "Xalq Naminə", "Azadlıq Meydanı" və "Vətəndaşlar" partiyalarının birliyi), "Droa" "Axali" partiyaları bu siyahıda yer alıb. "Onların seçki kampaniyaları və fəaliyyəti xarici donor təşkilatları və ya bu siyasi partiyalarla əlaqəli QHT-lərə pul ödəyən digər mənbələr tərəfindən maliyyələşdirilə bilər".
Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Bürosu bütün seçki subyektlərindən cari ilin 8 ayı üzrə maliyyə vəziyyətini göstərən sənədləri təqdim etməyi tələb edib.
PÜNHAN