ABŞ Sakit okeanda hərbi bazalar şəbəkəsi yaradır

post-img

Birləşmiş Ştatlar Sakit okeanda səpələnmiş bazalar şəbəkəsi yaratmağa davam edir ki, bu da ÇXR ilə silahlı münaqişə zamanı ABŞ aviasiyasının döyüş effektivliyini artıracaq. Bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Devin Ellvin deyib. Məlumatı “Defense news”ə istinadən “İnterfaks.ru” verib.

Ellvin əlavə edib ki, bu bazaları mümkün hücumdan qorumaq üçün daha çox addımlar atılmalıdır.

Nəşr xatırladır ki, münaqişə baş verəcəyi təqdirdə ABŞ Hərbi Hava Qüvvələri komandanlığı Çinin Yaponiyadakı və Quam adasındakı bazalara irimiqyaslı raket hücumundan ehtiyat edir, bundan sonra Amerika aviasiyasının Sakit Okean regionunda fəaliyyət göstərmək qabiliyyəti kəskin azalacaq. Bununla əlaqədar olaraq, Çevik Döyüş Məşğulluğu konsepsiyasının həyata keçirilməsinə başlanılıb, ona əsasən, Hərbi Hava Qüvvələrinin bölmələri daha çox yerlərdə, daha kiçik qurğularda yerləşdiriləcək və bu, aviasiyanın sağ qalma qabiliyyətini artıracaq. Hərbi Hava Qüvvələrinin minimum sayda struktur və avadanlıqla mülki hava limanlarında və aerodromlarda yerləşə bilməsi planlaşdırılır.

Bununla belə, Ellvin qeyd edib ki, bu cür bazalara hücum təhlükəsini də aradan qaldırmaq mümkün olmayacaq: təhlükə Sakit Okeanın geniş ərazilərini keçməkdə çətinliklə qarşılaşacaq pilotsuz təyyarələrdən deyil, ballistik və qanadlı raketlərdən olacaq. General izah edib ki, raketdən müdafiə sistemləri hər bir bazanı əhatə edə bilməyəcək, ona görə də konkret obyekti qorumaq üçün lazım olduqda raketdən müdafiə sistemi olan bölmələr gətirilməli olacaq.

P.ƏMİRCANOV
XQ

Dünya