Şərq-Qərb avtomobil yolunun Rikoti aşırımı hissəsində, tarixi Rikoti tunelinə paralel olaraq 1800 metr uzunluğunda yeni tunelin tikintisi başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilir ki, yeni tunel nəqliyyatın hərəkəti üçün açılıb.
Şərq-Qərb beynəlxalq avtomobil magistralının Gürcüstan ərazisindən keçən hissəsində ümumilikdə 52 kilometr uzunluğunda 4 zolaqlı sürətli yol, 52 tunelin və 97 körpünün tikintisi nəzərdə tutulub.
İndiyədək 50 tunel və 89 körpü tikilib. Yeni yolda bütün müasir yol təhlükəsizliyi standartları, o cümlədən işıqlandırma sistemi nəzərə alınıb.
Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Şərq-Qərb magistralında yolun bütün hissələrinin tikintisi başa çatdıqdan sonra Qırmızı Körpüdən (Azərbaycanla sərhəd) Sarpiyə (Türkiyə ilə sərhəd) indi olduğu kimi 8 saata deyil, 4-4,5 saata getmək mümkün olacaq.
Gürcüstanın regional inkişaf naziri İrakli Karseladze bildirib ki,
avqustun 14-dən etibarən avtomobillər yeni tuneldən keçəcək, köhnə tuneldə isə bərpa işlərinə başlanılacaq.
Hazırda 77 körpü və 43 tuneldən ibarət yeni Rikoti Ekspress yolunun 36 kilometrindən istifadə olunur.
Qeyd edək ki, Şərq-Qərb avtomobil yolu (E-60) Brestdən başlayıb İrkeştamda (Qırğızıstan) bitən ikinci ən böyük Avropa tranzit dəhlizidir.
Gürcüstanda E-60 Azərbaycanla sərhəddə başlayır və Poti limanı yaxınlığında, Qara dəniz sahilində bitir.
Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi