İranın ali dini lideri Ayətullah Əli Xameneyi Məsud Pezeşkianın ölkə prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında fərman imzalayıb. Məlumatı “Anadolu” verib.
Tehranda keçirilən tədbirdə ölkə prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Muxbir, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsini Ejei və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Mərasim daxili işlər naziri Əhməd Vahidinin seçkilərin gedişi ilə bağlı hesabatı ilə başlayıb.
İranın Ali Rəhbəri prezident mandatını Məsud Pezeşkiana təqdim edib.
İranda növbədənkənar prezident seçkiləri iki turda keçirilib: birinci tur 2024-cü il iyunun 28-də, ikinci tur isə 2024-cü il iyulun 5-də keçirilib.
P.ƏMİRCANOV
XQ