Ərdoğan: Ankara türk azlığının hüquqlarını qorumağa davam edəcək

post-img

Ankara Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan türk azlığının hüquqlarını müdafiə etməyə davam edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

Onun sözlərinə görə, Türkiyə Yunanıstan hakimiyyətinin ölkədəki etnik türklərlə bağlı addımlarını diqqətlə izləyir və lazım gələrsə, vəziyyətə müdaxilə etməyə hazırdır.

Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, Türkiyə bütün ölkələrlə dostluq münasibətlərini inkişaf etdirməyə, dost dövlətlər dairəsini genişləndirməyə çalışır. “Bizə əl uzadanlardan heç vaxt üz döndərmirik”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan Türkiyə iqtisadiyyatının inkişaf perspektivlərinə də toxunub. O qeyd edib ki, 11 illik fasilədən sonra beynəlxalq reytinq agentliyi “Moody's” tərəfindən Türkiyənin kredit reytinqinin artırılması Ankara üçün “çox gec addımdır”. “Türkiyənin iqtisadi potensialı bu göstəriciləri xeyli üstələyir”, - deyə Prezident Ərdoğan deyib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya