Moskva heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib. Bunu Kreml rəsmisi Dmitri Peskov Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərini şərh edərkən deyib. Məlumatı TASS verib.
Kuleba iyulun 24-də çinli həmkarı Van İ ilə söhbətində bildirib ki, Ukrayna Rusiya tərəfi ilə danışıqlara hazırdır. Onun sözlərinə görə, dialoq rasional və praktik olmalı, ədalətli və davamlı sülhə nail olmağa yönəldilməlidir.
Peskov Ukrayna tərəfini əlavə dəqiqləşdirməyə çağırıb və Rusiyanın hər zaman dialoqa açıq olduğunu vurğulayıb.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin də Kulebanın bəyanatına cavab verib. Onun mövqeyinə görə, ukraynalı siyasətçinin sözlərindən sonra Kiyevin dialoqa hazır olduğu əsas prinsiplər və mövqelər formalaşdırılmalıdır.
İyulun 23-də Vladimir Zelenski də bildirib ki, Rusiya ilə münaqişəyə mümkün qədər tez son qoyulmalıdır. Bundan bir qədər əvvəl siyasətçi ölkədə qüvvədə olan qanunvericilik qadağasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə dialoqa başlamağa icazə verib.
P.ƏMİRCANOV
XQ