Türkiyə Somali sahillərində neft-qaz kəşfiyyatına başlayır

post-img

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə Somali dənizlərində 3 blokda karbohidrogen ehtiyatlarının axtarışına başlayacaq. Məlumatı “Anadolu” verib. 

Nazir İstanbulda Türkiyə ilə Somali arasında karbohidrogen kəşfiyyatı və hasilatı müqaviləsinin imzalanması mərasimində Somalinin neft və mineral ehtiyatlar naziri Abdirizak Ömər Məhəmmədlə birlikdə iştirak edib. Mərasimdən sonra mətbuat konfransı keçirən Bayraktar bildirib ki, Türkiyə hazırda dünyanın ən əhəmiyyətli dərin dəniz gəmiləri donanmasına malik olan ölkələrdən biridir.

Nazir qeyd edib ki, Türkiyə Neft Şirkəti (TPAO) 4 dərin dəniz qazma gəmisi və 2 seysmik gəminin köməyi ilə dənizlərdə intensiv kəşfiyyat işlərini davam etdirir və bu kəşfiyyatlar nəticəsində Türkiyə bu sahədə mühüm təbii qaz kəşfinə imza atıb: “2020-ci ilin avqust ayında respublika tarixində ən mühüm təbii qaz kəşfini etdik və çox qısa müddətdə ölkəmizin təbii qaza olan tələbatının bir hissəsini ödəmək üçün hasilat mərhələsinə gəldik. Hazırda Sakarya qaz yatağından gündə 5,5 milyon kubmetr qaz hasil edirik”.

P.ƏMİRCANOV
XQ

Dünya