Cənubi Koreya hərbçiləri sərhədi keçən Şimali Koreya əsgərlərinə atəş açıb

post-img

20-yə yaxın Şimali Koreya əsgəri Cənubi Koreya hərbçiləri tərəfindən xəbərdarlıq atəşi açıldıqdan sonra qısa müddət ərzində Koreyalararası quru sərhədini keçib və öz ərazilərinə qayıdıb. Bu barədə Yonhap agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə (JCS) istinadən xəbər verir.

Hadisə bazar günü, iyunun 9-da yerli vaxtla saat 12:30-da baş verib. Komitənin məlumatına görə, Şimali Koreya hərbçiləri iki Koreyanı ayıran demilitarizasiya zonasının mərkəzi hissəsində demarkasiya xəttini pozublar. Cənubi Koreya tərəfi səsgücləndirici ilə xəbərdarlıq elan edib, daha sonra xəbərdarlıq atəşi açıb. Şimali Koreya ordusu öz ərazisinə qayıdıb. Bundan sonra onlar tərəfindən heç bir "qeyri-adi fəaliyyət" qeydə alınmayıb.

Komitənin sözçüsü Li Sonq Junq KXDR hərbçilərinin qəsdən sərhədi keçdiyinə inanmır. Onun sözlərinə görə, hazırda demilitarizasiya zonası ot və kol-kosla örtülü olduğundan demarkasiya xəttini qeyd edən nişanı görmək çətinləşib.

May ayının sonundan bəri Şimali Koreya Cənubi Koreyaya bir neçə dəfə zibil və peyin doldurulan hava şarlarını buraxıb. İyunun 9-da Cənubi Koreya Təhlükəsizlik Şurası cavabı müzakirə etmək üçün təcili iclas çağırıb. Nəticədə Cənubi Koreya hakimiyyəti həmin gün sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə yayımı bərpa etmək qərarına gəlib. Bununla da Cənubi Koreya hökuməti KXDR ilə hərbi razılaşmanın dayandırılmasını təsdiqləyib.

S.ELAY

XQ

Dünya