Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ilə ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açılıb. Bu səfərlə gələcəkdə yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsası qoyulub. İdman, elektrik və bərpaolunan enerji, informasiya-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə birgə fəaliyyətin dərinləşdirilməsi məqsədi daşıyan bir sıra sənədlərin imzalanması ilə Azərbaycan–Misir dostluğu daha da möhkəmlənib.
Qeyd edək ki, dövlətimizin başçısının Misir Ərəb Respublikasının Prezidenti ilə geniş tərkibdə görüşündə Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq iki ölkə arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.
Xatırladaq ki, Misir 2 il əvvəl COP-a evsahibliyi edib. Həmin tədbirdə iqlim dəyişikliyi sahəsində bir çox əməkdaşlıq sahələri, məsələn, iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq ictimaiyyətdən maliyyənin necə səfərbər olunması ilə bağlı geniş müzakirə diqqət çəkib. Bununla bağlı Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşatın sözlərinə əsasən, ölkəsinin COP-a evsahibliyi mühüm önəm daşıyıb: “Bu, əhəmiyyətli bir cəhətdir. Çünki bu, ekologiyanı çirkləndirməyən ölkələrin nə qədər maliyyəyə ehtiyac duyduqlarını, beynəlxalq əməkdaşlığın tələb olunduğunu nümayiş etdirmək imkanı yaradır ki, hamımız iqlimlə bağlı qlobal məqsədlərə cavab verə bilək. Misirdə bununla əlaqədar bir çox sahələrdə araşdırma aparılıb. Düşünürəm ki, bu, COP29 ilə davam edəcək. İkincisi, araşdırmalarda ölkə platformaları diqqətdə saxlanılıb. Ölkə platformaları dedikdə isə burada dövlətin öhdəlikləri, iqlim fəaliyyəti ilə bağlı istədikləri vurğulanır və sonra ölkələrimiz üçün prioritet olan layihələrin həyata keçirilməsi ilə bağlı güzəştli maliyyənin alınmasına çalışılır. Beləliklə, beynəlxalq maliyyə qurumları, çoxtərəfli inkişaf bankları ilə necə işləmək, məqsədlərə çata bilmək üçün birlikdə necə çalışmalı olduğumuz müəyyənləşdirilir”.
Prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin geniş tərkibdə görüşlərində BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, respublikamızın isə 2026-cı ildə evsahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulanıb.
Bu məqamla bağlı qeyd edə bilərik ki, BMT-nin 2001-ci ildə qəbul olunan müvafiq qətnaməsinə əsasən, adıçəkilən forum iki ildən bir dünyanın şəhərsalma sahəsində ən nüfuzlu şəhərlərindən birində keçirilir. Yəni söhbət urbanizasiya və şəhər inkişafının öyrənilməsi üçün ən böyük platformadan gedir.
Beləliklə, belə bir şərəfli tədbirə evsahibliyi etmək hüququ uğrunda mübarizəyə dünyanın qabaqcıl ölkələrinin 10-dan çox şəhərinin qoşilması və prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin qarşıya qoyduqları məqsəd – WUF13-ə evsahibliyi etmək hüququ uğrunda yarışda qalib gəlmək heç də asan məsələ deyil. Amma Azərbaycan və Misir dövlətləri bir daha sübut ediblər ki, onlar qarşısına qoyulan məqsədlərə, hətta ən iddialılarına belə nail ola bilərlər.
Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirilib. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi vurğulanıb. Həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən yararlanaraq Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Şimal–Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin mətbuata bəyanatlarında da Misir–Azərbaycan əlaqələrinin inkişafı istiqamətində geniş danışılıb. Dövlətimizin başçısının bəyanatında ikitərəfli münasibətlərin bir sıra məqamlarına toxunulub. Ölkələrarası ticarət dövriyyəsinin bir neçə dəfə artmasına baxmayaraq bunun qaneedici olmadığı, lakin imzalanmış sənədlərin, əldə edilmiş razılaşmalarin bu istiqamətdə dönüş yaradacağına ümid bəsləndiyi diqqətə çatdırılıb. Ümumiyyətlə, yaxın perspektivdə iki ölkə arasında energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrində yüksək nəticələr əldə ediləcəyi bildirilib.
Ötən illər ərzində Azərbaycan Misirlə neft emalı sahəsində əməkdaşlıq etməyə başlayaraq İsgəndəriyyə neft emalı zavodu və Midor müəssisəsinin neft təchizatını gerçəkləşdirib, ölkəyə kimya və metallurgiya sənayesi məhsulları ixrac edib. Misir məhsullarının respublikamıza idxalına gəldikdə, bu, əsasən özünü daha çox tibbi ləvazimatlarla təminatda büruzə verib. Çünki bu ölkənin əczaçılıq sənayesi yüksək səviyyədə inkişaf edib, həm də həmin məhsulların qiyməti Azərbaycan vətəndaşları üçün əlverişli olub.
İki ölkə rəhbəri arasında keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparılıb. Həm Şərq–Qərb, həm Şimal–Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçdiyi, buna görə də respublikamızda bütün logistika infrastrukturunun yaradıldığı və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açıldığı diqqətə çatdırılıb.
Onu da deyək ki, Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini tanıdığı 1991-ci il dekabrın 26-dan etibarən iki ölkə arasında siyasi, sosial-iqtisadi əlaqələr davamlı olaraq inkişaf edib, yaradılan hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək komissiyanın səmərəli fəaliyyəti nəticəsində əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb, 60-dan çox sənəd imzalanıb.
Hazırda respublikamızda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələri turizm sahəsində də diqqət çəkir. Son illər ərzində Misirdən ölkəmizə gələn turistlərin sayının 50 faiz artması da bu fikrin bariz ifadəsidir. Bundan başqa iki ölkə arasında bir sıra mühüm sosial layihələrin gerçəkləşdirilməsi də xalqlarımızı bir-birinı daha da yaxınlaşdırır.
Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə indiki rəsmi səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.
Göründüyü kimi, Misir ilə Azərbaycanın sıx əlaqələri var, iki ölkə arasında perspektivli əməkdaşlıq sahələri mövcuddur. Bura infrastruktur, neft-qaz, İKT və əczaçılıq sahələri daxildir. Misir qarşıdakı dövrdə bu sektorlarda daha sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyir:
– Son illər ərzində Azərbaycan–Misir arasında həyata keçirilən rəsmi səfərlər bu ölkələrin qarşılıqlı münasibətlərinin daha da güclənməsinə töhfə verib. Eyni zamanda hər iki dövlətin fərqlı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq platforması formalaşıb və iqtisadi sahədə kifayət qədər ciddi potensial yaranıb.
Azərbaycan–Misir arasındakı ticarət dövriyyəsində cüzi dəyişikliklər müşahidə olunsa da, bu ildən etibarən iqtisadi əlaqələr ciddi şəkildə dərinləşib. Belə ki, 2022-ci ildə 16,2 milyon dollar olan xarici ticarət dövriyyəsi ötən il 13,6 milyon dollara bərabər olub. Cari ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım qeydə alınıb.
Yalnız 2024-cü ilin yanvar–mart aylarında Azərbaycan ilə Misir arasındakı ticarət dövriyyəsi 14,9 milyon dollara yüksəlib. Bu, o deməkdir ki, ölkələr arasındakı bu ilki rüblük dövriyyə ötən ilki ümumi dövriyyədən daha çox olub. Belə bir şərait isə münasibətlərin inkişaf dinamikasını göstərir.
Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri zamanı təşkil edilən görüş və müzakirələr də perspektivdə bu imkanlardan daha çox faydalanmağa şərait yaradır. Bu baxımdan, Azərbaycan Prezidentinin Misirə səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq.
Vaqif BAYRAMOV
XQ