Almaniyada Olaf Şoltsu növbədənkənar seçkilər keçirməyə çağırırlar

post-img

Almaniyanın ultrasağçı “Almaniya Naminə Alternativ” (AfD) partiyasının həmsədri Elis Vaydel Almaniya federal hökumətini Avropa Parlamentinə seçkilərdə hakim koalisiyanın uğursuzluğu fonunda erkən seçkilər elan etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Siyasətçi qeyd edib: “Avropa Parlamentinə dünən keçirilən seçkilər sensasiya oldu. Almaniya eyni anda kanslerin və koalisiyanın əleyhinə səs verdi. İndi Şoltsun yalnız bir vəzifəsi qalıb: genişmiqyaslı seçkilərə meydan oxuyaraq daha bir il hökmranlıq etmək əvəzinə, əhalinin əksəriyyətinin iradəsinə uyğun olaraq erkən seçkilərə yol açmaq”.

Öz növbəsində, Bavariya əyalət hökumətinin başçısı Markus Söder də ölkənin hakim koalisiyasına daxil olan partiyaların Avropa Parlamentinə verdiyi səsvermənin fəlakətli nəticələrindən sonra Almaniyada növbədənkənar ümumi seçkilərin keçirilməsini istəyib. Siyasətçi bu barədə N-TV telekanalına məlumat verib. O əlavə edib: “Ümumilikdə, bu hökumətin səlahiyyəti başa çatıb. Fransada olduğu kimi, bizdə də eyni şey baş verməlidir: növbədənkənar seçkilərə çağırışlar var idi və Makron onları elan etdi. Ölkəmizin yeni bir başlanğıca ehtiyacı var. “İşıqfor” koalisiyasının artıq mandatı yoxdur, indi əhali arasında etimadın azalması səbəbindən növbədənkənar seçkilər mümkün qədər tez keçirilməlidir”.

Bundan əvvəl Xristian Demokratlar İttifaqının (XDİ) baş katibi Karsten Linnemann Federal kansler Olaf Şoltsu Bundestaqda hökumətə etimad səsverməsi məsələsini qaldırmağa çağırıb.

Xatırladaq ki, Federal Seçki Komissiyası sədrinin saytında dərc olunan nəticələrə əsasən, Avropa Parlamentinə keçirilən seçkilərdə müxalif XDİ/XSİ bloku qalib gəlib. AfD partiyası ikinci yerdədir. Kansler Olaf Şoltsun Sosial Demokratlar Partiyası Avropa Parlamentinə seçkilər tarixində ən pis nəticə göstərib. Eyni zamanda, bütün hakim koalisiya səslərin üçdəbirindən də az hissəsini toplayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya