Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı (Aİ) üçüncü ölkələrlə, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq əlaqələrini genişləndirməyə çalışır. O əlavə edib ki, Aİ təhlükəsizlik təminatçısı kimi rolunu gücləndirmək niyyətindədir.
“Biz tərəfdaşlarımıza yeni əməkdaşlıq formaları təklif etmək istəyirik. Yalnız keçən həftədən bu həftəyə və bu günə qədər biz iki təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzaladıq. Moldova ilə - keçən həftə, Norveçlə - dünən”, - deyə cənab Borrell təhlükəsizlik məsələlərinə həsr olunmuş ikinci Şuman Forumunda bildirib.
Josep Borrell əlavə edib ki, daha altı analoji saziş hazırlanmaqdadır. Onun sözlərinə görə, onlar yaxın günlərdə imzalanacaq. O, həmçinin qeyd edib ki, Avropa İttifaqı təhlükəsizlik tərəfdaşlığına “daha çox ölkəni” cəlb etmək niyyətindədir.
Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, Şuman Forumunda 70 ölkədən və beynəlxalq təşkilatlardan 500-dən çox iştirakçı iştirak edir. Keçən il toplantıda 50-yə yaxın dövlət və təşkilatın nümayəndəsi iştirak edib. Forum iştirakçılarının sayının artması, Josep Borrellin fikrincə, “təhlükəsizliyə təhdidlərin miqyasını izah edir”.
Borrell vurğulayıb ki, Aİ hazırda 40 tərəfdaşla sülh və təhlükəsizlik məsələləri üzrə 80-ə yaxın dialoq və məsləhətləşmələr aparır. Avropa İttifaqı, həmçinin 20-dən çox dövlətə, o cümlədən Ukraynaya, Yaxın Şərq, Cənubi Qafqaz və Afrika ölkələrinə hərbi dəstək verir.
Mayın 12-də Avropa İttifaqı ölkələrinin səfirləri Kiyev və Brüssel arasında təhlükəsizlik təminatlarına dair sazişi razılaşdırıblar. Buraya Ukraynaya hərbi və iqtisadi sahədə dəstək daxildir. Sənədin iyulun əvvəlində imzalanması gözlənilir.
S.ELAY
XQ