Bayden Rusiyadan uran idxalını qadağan edən qanunu imzalayıb

post-img

ABŞ prezidenti Co Bayden Konqresdə Rusiyadan aşağı zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunu təsdiqləyib. Qərar barədə məlumat Ağ Evin saytında dərc olunub.

Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, qanunvericilik “mülki nüvə enerjisində Rusiyadan asılılığı” azaltmaqla ABŞ-ın “enerji və iqtisadi təhlükəsizliyini” gücləndirməyə kömək edəcək. Cənab Sallivanın sözlərinə görə, bu yaxınlarda təsdiq edilmiş 2,72 milyard dollarlıq maliyyə vəsaiti “ABŞ-da yeni uran zənginləşdirmə potensialına təkan verəcək və sənayeyə nüvə sektorumuzda uzunmüddətli artıma sadiq olduğumuza dair aydın mesaj göndərəcək”. 

Qanun imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək. 2028-ci ilin yanvar ayına kimi ABŞ Energetika Nazirliyi başqa tədarük mənbələri olmadıqda Rusiya Federasiyasından idxala icazə verə biləcək. Məhdudiyyət 2040-cı ilə qədər qüvvədə qalacaq. Nümayəndələr Palatası qanunu 2023-cü ilin dekabrında, Senat isə 2024-cü ilin mayında təsdiqləyib.

İlin əvvəlində ABŞ Yaponiya, Fransa, Böyük Britaniya və Kanada ilə birlikdə aşağı zənginləşdirilmiş uranın istehsalını qurmağı planlaşdırdığını açıqlamışdı. Rusiya Federasiyasından ABŞ-a tədarükün payı hazırda təxminən 20% təşkil edir.

"Rosatom" hesab edir ki, bu cür sanksiyalar “nüvə yanacaq dövriyyəsinin mal və xidmətləri üçün qlobal bazarın davamlı fəaliyyəti üçün dağıdıcıdır”. Rusiya dövlət korporasiyasının fikrincə, qərar son nəticədə bu cür “qeyri-bazar qərarları” qəbul edən ölkədə nüvə enerjisi sənayesindəki vəziyyətə mənfi təsir göstərəcək.

S.ELAY

XQ

Dünya