Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qambiyalı həmkarı Adam Barrou ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya Departamentinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib.
İkitərəfli münasibətlərin vəziyyəti, İsrailin Fələstinə təcavüzü, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 4-5-də Qambiyada keçiriləcək 15-ci sammitinə hazırlıq müzakirə edilib.
Söhbət zamanı Türkiyə lideri qeyd edib ki, İsrailin Qəzza zolağına hücumlarına son qoymaq və BMT-nin müvafiq qətnamələrinə əməl olunmasını təmin etmək üçün İslam dünyası birgə hərəkət etməlidir. Türkiyənin dövlət başçısı İƏT-in qarşıdan gələn zirvə toplantısı çərçivəsində aparılacaq danışıqların və qəbul ediləcək qərarların məhsuldar olacağına ümidvar olduğunu bildirib.
O qeyd edib ki, Türkiyəni forumda ölkənin xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Ərdoğan Türkiyə ilə Qambiya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşıdakı dövrdə birgə addımların atıla biləcəyini də bildirib.
P.ƏMİRCANOV
XQ