ABŞ xarici yardım paketini dəstəklədi

post-img

ABŞ Senatı İsrail və Ukraynaya da daxil olmaqla, 95 milyard dollarlıq xarici yardım paketinin ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Məlumatı “Anadolu” verib. 

Paket lehinə 78 səslə qəbul edilib. 18 senator qanun layihəsinin əleyhinə səs verib.

Bəzi demokratlar, o cümlədən müstəqil senator Berni Sanders İsrailə, bəzi respublikaçı senatorlar isə Ukraynaya dəstək verilməsinə qarşı çıxıb və əleyhinə səs veriblər.

Bu paketə Ukraynaya 61 milyard dollar, İsrailə 26 milyard dollar, Qəzza da daxil olmaqla müharibə bölgələrində humanitar yardıma 9 milyard dollar və Hind-Sakit okean regionu (Tayvan) üçün 8,1 milyard dollar daxildir.

Paketdə yer alan sonuncu sənəddə Rusiyanın ABŞ-dakı aktivlərinin dondurulması və onlardan Ukraynaya kömək üçün istifadə edilməsi, həmçinin ABŞ-da TikTok-un qadağan edilməsi nəzərdə tutulur.

P.ƏMİRCANOV
XQ

Dünya