Qazaxıstan və Özbəkistan liderləri arasında telefon danışığı

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə telefon danışığı aparıb. Bu barədə “Anadolu” məlumat yayıb.

Tokayev Qazaxıstanın bir sıra bölgələrində daşqınlarla əlaqədar göstərilən qardaşlıq həmrəyliyinə və köməyə görə Mirziyoyevə və Özbəkistan xalqına təşəkkür edib. Hər iki dövlət başçısı Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə edib.

İkitərəfli münasibətlərin və regional səviyyədə əməkdaşlığın dinamik inkişafı vurğulanıb. Liderlər, həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Kazinform” xəbər verir ki, Özbəkistan bundan əvvəl Qazaxıstanda daşqınlardan zərər çəkənlərə humanitar yardım göndərib. Özbəkistandan Qaraqandaya ərzaq məhsulları, geyim və lazımi avadanlıqla 15 yük maşını göndərilib. Mallar daşqından zərər çəkmiş altı rayona çatdırılacaq.

Tokayev bir müddət əvvəl televiziya ilə xalqa müraciətində bildirib ki, Qazaxıstanda mart ayında başlayan kütləvi daşqınlar son 80 ildə respublikada ən böyük təbii fəlakətə çevrilib. Ölkənin on rayonunda daşqınlar səbəbindən yerli fövqəladə vəziyyət elan edilib.

 

P.ƏMİRCANOV

XQ

Dünya