Rusiya–Ukrayna müharibəsi: Kəsmir heç kim tökülən qan izini

post-img

ABŞ Konqresinin aşağı palatasının Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləməsi Kiyev və onun müttəfiqlərinin razılığına səbəb olub. Onlar Ağ evə və konqresmenlərə minnətdarlıq mesajları göndəriblər. Rəsmi Moskva isə hesab edir ki, yardımın Ukraynaya xeyrindən çox zərəri dəyəcək. Ona görə ki, müharibə daha da uzanacaq və Ukraynanın itkiləri artacaq. 

Dünən NATO-nun Baş katibi Yens Stol­tenberq bildirib ki, amerikalıların artan maliyyə dəstəyi Ukraynanın avropalı müt­təfiqlərin on milyardlarla yardımını tamam­layacaq. Stoltenberq demək istəyib ki, “Köh­nə qitə” dövlətləri Kiyevi Rusiyanın artıq 27 aydır davam edən hücumu qarşısında tək qoymayıblar. 

Y.Stoltenberq, həmçinin xatırladıb ki, aprelin 19-da NATO–Ukrayna Şurasının iclasında alyansa üzv dövlətlərin müdafiə nazirləri Ukraynaya həm də hava hücumun­dan müdafiə sahəsində əlavə hərbi dəstək verməyə razılaşıblar. Həqiqətən, son aylar avropalı müttəfiqləri Ukraynaya qarşı daha səxavətli olublar. 

Bu arada Almaniya Kansleri Olaf Şolts bəyan edib ki, onun ölkəsi Ukraynaya 6 ədəd ABŞ istehsalı olan “Patriot” qırıcı təyyarəsi verməyi qərara alıb. Artıq ilk belə təyyarə ünvana çatdırılıb. Yeri gəlmişkən, Almaniya ABŞ-dən sonra Ukraynaya ən çox maliyyə yardımı göstərən dövlətdir. Maraqlıdır ki, bu ilin I rübündə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixrac edib. Bu ölkənin silah ixracatının 74 faizi məhz Uk­raynaya gedib. 

Almaniyadan fərqli olaraq, Fransa prezi­denti Emmanuel Makron bu günlərdə Kiyevi pərt edib. Bildirib ki, Rusiya nüvə silahına malik olduğu üçün onun ölkəsi Ukraynaya uzaqvuran raketlər verə bilməz. Bu məsələ Ukrayna mediasında geniş müzakirə olunur və Fransanın dövlət başçısının sözdə bir, əməldə tamam başqa, yəni riyakar siyasət hə­yata keçirdiyi xüsusi vurğulanır. 

Yuxarıda qeyd etdiyimiz kimi, iki gün əv­vəl ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi müzakirələr üçün senatorların böyük əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək. Bundan sonra isə sənədi dövlət başçısı imzalamalıdır. Bu prosedurla­rın kifayət qədər sürətlə baş verəcəyi ehtimal olunur. 

Bu arada məlum olub ki, Pentaqon yaxın günlər ərzində ATACMS taktiki raketləri də daxil olmaqla, müxtəlif növ modern silah­ların Ukraynaya təhvil verilməsinə başlaya bilər. Senatın Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib ki, Prezident Cozef Bay­den qanun layihəsini imzaladıqdan sonra bu silahlar həftənin sonuna qədər göndəriləcək. Senator onu da vurğulayıb ki, yardım pake­tinə uzaqmənzilli silahlar daxil olacaq.

Kremlin ABŞ-nin Nümayəndələr Pala­tasının Kiyevə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsinə reaksiyası özünü çox gözlətməyib. Belə ki, Rusiya Preziden­tinin sözçüsü Dmitri Peskov bildirib ki, “Uk­raynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzün­dən daha çox ukraynalının ölümünə səbəb olacaq”.

Rusiya–Ukrayna müharibəsi isə davam edir. Dünən Rusiya–Ukrayna müharibəsi cəbhəsinin bütün təmas xətti boyu mövqe döyüşləri baş verib. Cəbhədən mediaya ve­rilən məlumatlarda Rusiya hərbçilərinin Do­netsk vilayətinin Yeni Avdeyevka yaşayış məntəqəsi istiqamətində hücumları davam etdirdiyi qeyd olunur. 

Tərəflər dünən yenidən bir-birinin əra­zilərini raket və PUA zərbələrinə məruz qo­yublar. Hər iki tərəfdən dağıntı və itkilərin olduğu qeyd olunur. Ölən və yaralananlar arasında uşaq, qoca və qadınların da oldu­ğu bildirilir. Savaşın nə vaxt bitəcəyi isə heç kəsə məlum deyil.

Aydın İBRAHİMOV, 
BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor 

– 2024-cü il fevralın 24-də başlanan Ru­siya-Ukrayna müharibəsi ağır zorakılıqlarla müşayiət olunur. İki qonşu slavyan xalqının cəlb olunduğu bu mənasız kəskin silahlı qar­şıdurma hər iki ölkəyə böyük məhrumiyyət­lər gətirir. Təəssüf ki, bu qırğının qarşısını almaq hələlik heç cür mümkün olmur. 

Son aylar cəbhənin təmas xəttində Ru­siya Silahlı Qüvvələrinin fəallaşdığı aşkar hiss olunur. Ruslar ciddi irəliləyişlərə nail ola bilməsələr də, yavaş-yavaş irəli gedirlər. Ukraynalıların isə müqavimət dərəcələri və imkanları azalır. Kiyevin belə bir məqamda daşı ətəyindən töküb atəşkəsə nail olmaq üçün sülh danışıqlarına başlaması zəruridir. Əslində, bu, hər iki tərəfin xeyrinədir. 

Bir faktı nəzərə almaq lazımdır ki, Ru­siya–Ukrayna müharibəsində tərəflərin re­sursları bərabər deyil. Rusiyanın ərazisi və təbii sərvətləri Ukraynadan qat-qat çoxdur. Rusiyanın əhalisi də, az qala beş dəfə çox­dur. Ukrayna iqtidarı bu amilləri əvvəlcədən nəzərə almalı və qarşıdurmadan yayınmağa cəhd etməli idi. Acı reallıq budur ki, Qərb Ukraynanı qızışdırdı və vədlərinə əməl et­mədi. Ukrayna bunun gec-tez fərqinə vara­caq. 

İndi artıq ox yaydan çıxıb. Müharibənin benefisiarları, əsasən, qlobal silah ixracatçı­larıdır. Hazırda bir çox ölkələr, xüsusilə Ru­siyanın zəngin təbii sərvətlərini su qiymətinə satın aldıqları üçün çox məmnundurlar. Belə ölkələrə, ilk növbədə, Çin və Hindistanı aid etmək olar. 

Gözlərimiz önündə Ukraynanın şəhər və kəndləri absurd siyasi iddiaların qurbanı­na çevrilir. Bir daha vurğulamaq istəyirəm: Müharibəni nəyin bahasına olursa-olsun mütləq dayandırmaq lazımdır. Hər iki tərəf­dən həyatları məhv olan insanların heç bir günahı yoxdur. 

Böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavid haqlı olaraq yazmışdır: 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur Yer üzünü.

Bəli, dünya birliyi və mütərəqqi ictima­iyyət bu mənasız savaşa qətiyyətlə “yox” deməlidir!

M.HACIXANLI
XQ



Dünya