Ermənistan KİV-i:Moskva İrəvana sanksiyalar hazırlayır

post-img

Aprelin 5-də “Hraparak” (“Meydan”) qəzeti yazır: “Ermənistan hakimiyyətinin anti-Rusiya addımları işgüzar dairələrdə təşviş yaradıb, bütün bunlar hətta dövlətə bağlı iş adamları üçün də yaxşı heç nə vəd etmir”.

Nəşr iddia edir ki, öz məlumatlarına görə, yaxın vaxtlarda Nikol Paşinyana yaxın iş adamlarına qarşı sanksiyaların tətbiq ediləcəyi barədə Moskvadan siqnallar artıq alınıb.

“Larsda məhdudiyyət və qadağalara əlavə olaraq (Rusiya-Gürcüstan sərhədində, Ermənistan və Rusiya arasında nəqliyyat əlaqəsinin yeganə quru marşrutunun keçdiyi Yuxarı Lars beynəlxalq avtomobil keçid məntəqəsi nəzərdə tutulur. – Red.) Rusiya bazarı onların məhsullarına bağlanacaq, vergi və digər tədbirlər görüləcək ki, Rusiyadan uzaqlaşmanın nəyə gətirib çıxara biləcəyini anlasınlar”, - nəşr yazır.

Daha sonra bildirilir ki, “Rusiya hakimiyyəti Brüsseldəki (üçtərəfli) görüşün nəticələrini gözləyir, bundan sonra Ermənistan hakimiyyətinin seçimi aydınlaşdıqda bu addımlar praktiki forma alacaq”.

Ötən ay İrəvan rəsmiləri Rusiya tərəfinin Yuxarı Lars keçid məntəqəsini bağlaması üçün heç bir obyektiv səbəb görmədiklərini bildirmişdilər. Bundan əvvəl Ermənistan mətbuatı Rusiya-Ermənistan münasibətlərində növbəti gərginlik raundu ilə əlaqədar bu keçid məntəqəsinin bağlanması ilə bağlı məlumatlar yaymağa başlamışdı.

S.ELAY

XQ

Dünya