Hazırda Rusiyanın hər hansı NATO ölkəsinə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur. Bu barədə martın 29-da NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer məlumat verib. Onun sözlərini “The Baltic Times” qəzeti sitat gətirib. Xəbəri “İzvestiya.ru” verib.
“Rusiyanın hər hansı NATO ölkəsinə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur. Məncə, birbaşa təhlükə yoxdur. Problem ondadır ki, Rusiyanın ambisiyaları Ukraynadan kənara çıxır. Biz bunu bilirik, ona görə də bütövlükdə alyansın daha hazırlıqlı olması lazımdır”, - admiral bildirib.
Onun fikrincə, hər bir dövlət özünü qoruya bilməlidir. O, əlavə edib ki, hərbi təhdid olarsa, təhlükəsizlik üçün məsuliyyət alyans ölkəsinin üzərinə düşür.
P.ƏMİRCANOV
XQ