NATO-nun Qara dəniz regionunda və Şərqi Avropada aktiv fəaliyyəti alyansı Rusiya ilə mümkün toqquşmaya hazırlamaq məqsədi daşıyır. Bu barədə martın 28-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib.
“Rumıniya aviabazasının genişləndirilməsi (“Mihail Kogalniceanu” Konstansa qraflığında – red.) Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun militarizasiyasını davam etdirdiyinə daha bir sübutdur”, - deyə nazirlikdən RİA Novosti- yə bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Rumıniya ilə yanaşı, Polşa və Baltikyanı ölkələrdə yerləşən imkanlarının gücləndirildiyini görür. XİN vurğulayıb ki, alyansın bu cür fəaliyyəti təxribat xarakteri daşıyır, Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdidləri artırır və onun sərhədlərinin perimetri boyunca hərbi gərginlik yaradır.
P.ƏMİRCANOV
XQ